Azərbaycan, Bakı, 28 noyabr /Trend/
Vaxtilə Aİ ilə assosiasiyalar haqqında saziş imzalayan bütün ölkələr iqtisadi baxımdan bundan qazandılar. Trend-in məlumatına görə, bu barədə Avropa İttifaqının genişləndirmə və qonşuluq siyasəti məsələləri üzrə komissarı Ştefan Füle Ukraynanın "Seqodnya" qəzetində cümə axşamı dərc olunmuş müsahibəsində deyib. Xəbəri RİA Novosti yayıb.
Ş.Fülenin sözlərinə görə, 1990-cı illərin əvəllərində Aİ ilə assosiasiyalar haqqında saziş imzalayan bütün ölkələrdə adambaşına ÜDM orta hesabla 57 faiz, adambaşına investisiyalar 61 faiz, ixrac isə 65 faiz artıb: "Təkcə qonşunuz Polşanı götürək. 1990-cı ildə Polşa və Ukraynanın adambaşına ÜDM-i, demək olar ki, eyni idi. Artıq 1995-ci ildə Polşada adambaşına ÜDM-in göstəricisi Ukraynadakından təxminən dörd dəfə yuxarı idi. Bu dövr ərzində Ukraynada xarici investisiyaların ümumi həcmi 42 faizə endiyi halda, Polşada 66 faiz artdı. Ukraynanın özünün qərb qonşusunun şücaətini təkrarlamaq üçün bütün perspektivləri var".
O, həmçinin Ukrayna rəhbərliyinin guya, ölkənin Aİ-nin texniki standartlarının tətbiqi zamanı adaptasiya xərcləri kimi ölkəyə lazım olacaq 160 milyard avro rəqəmini haradan götürməsinə də təəccübünü ifadə edib: "Hətta bu rəqəmi on illik keçid dövrü üzrə dartıb uzatsaq, bu, Ukraynanın illik ÜDM-nin on faizidir. Bu isə Mərkəzi və Şərqi Avropa ölkələrinin təcrübəsi ilə dərin ziddiyyət təşkil edir. Onlar vaxtinda Avropa İttifaqına daxil olaraq, illik ÜDM-in cəmi bir-iki faiz bəndi üzrə sərmayə qoydular. Ukrayna iqtisadiyyatının modernləşdirilməsinə investisiyalar kimi deyil, xərclər kimi baxılmasına görə mən məyus olmuşam. Ukraynanın çəkməli olacağı yeganə xərc fəaliyyətsizliyə görə xərclər olacaq. Ukrayna öz gələcəyi ilə risk edir ki, bu da onun iqtisadiyyatını daha böyük durğunluğa gətirib çıxaracaq".