...

Meksikada "donuz qripi"ndən ölənlərin sayı 316 nəfərə çatıb

Dünya xəbərləri Materials 4 Fevral 2014 11:40 (UTC +04:00)
Meksikada həyata keçirilən əlavə sanitar tədbirlərə baxmayaraq, hələlik "donuz qripi" ilə xəstələnənlərin sayındakı artımı dayandırmaq mümkün olmayıb.
Meksikada "donuz qripi"ndən ölənlərin sayı 316 nəfərə çatıb

Azərbaycan, Bakı, 4 fevral /Trend/

Meksikada həyata keçirilən əlavə sanitar tədbirlərə baxmayaraq, hələlik "donuz qripi" ilə xəstələnənlərin sayındakı artımı dayandırmaq mümkün olmayıb.

Səhiyyə Nazirliyi nümayəndələrinin məlumatına görə, ilin əvvəlindən respublikada artıq 2,57 min nəfərin A/H1N1 virusuna yoluxduğu qeydə alınıb və onlardan 316-sı dünyasını dəyişib. Trend-in məlumatına görə, bu barədə İTAR-TASS xəbər yayıb.

Rəsmi məlumata görə, Xalisko, Mexiko, San-Luis-Potosi və Nuevo-Leon ştatlarında daha çox yoluxma halı qeydə alınıb. Hazırda ölkədə bu virusa qarşı əhaliyə peyvənd vurulması kampaniyası həyata keçirilir.

"Donuz qripi"nə yoluxma hallarının aşkar edildiyi ştatların sakinlərinə əlavə ehtiyat tədbirləri görmək tövsiyə olunub. Habelə tibb işçiləri əhaliyə ictimai yerlərdə olarkən tənzif maskalardan istifadə etməyi tövsiyə edirlər.

Ölkədəki sanitariya orqanları əhalini xəstəliyin əlamətləri özünü büruzə verən kimi dərhal xəstəxanalara müraciət etməyə çağırırlar.

2009-cu ildə Meksikada hakimiyyəti ölkədə fövqəladə sanitar vəziyyət elan etməyə vadar edən yeni qrip epidemiyası qeydə alınmışdı. O zaman respublikada A/H1N1 virusuna 70 mindən artıq yoluxma halı aşkar edilmişdi, 1,3 minə yaxın adam həlak olmuşdu.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti