Azərbaycan, Bakı, 20 fevral /Trend/
Avropa İttifaqı (Aİ) Ukraynada zorakılığın eskalasiyası üçün məsuliyyət daşıyan şəxslər barəsində sanksiyaların tətbiqinə hazırlaşır. Bunu Fransa XİN-in rəhbəri Loran Fabius cümə axşamı bildirib. Trend-in məlumatına görə, xəbəri İTAR-TASS yayıb.
O, Almaniya və Polşadan olan həmkarları ilə Kiyevə gələrək müxalifət nümayəndələri ilə görüşüb. Sonra hər üç xarici işlər nazirinin Prezident Viktor Yanukoviç tərəfindən qəbul ediləcəkləri gözlənilir.
Bu arada Kiyevdəki Oktyabr sarayı yanında radikallarla hüquq-mühafizə orqanlarının əməkdaşları arasında toqquşmaların yenidən kəskinləşdiyi xəbər verilir. Sarayın binası yaxınlığında güllə səsləri eşidilir, qara tüstü burumları qalxır, fişənglər partladılır. Ukrayna televiziyasının birbaşa efirində nümayiş olunan kadrlarda yaralıların olması ilə əlaqədar səsgücləndiricilər vasitəsilə təcili yardım maşınlarının lazım olduğu barədə çağırışlar eşidilir.