Azərbaycan, Bakı, 24 sentyabr /Trend/
Avropa Komissiyası Suriya və onunla qonşu olan ölkələrə yardım üçün 215 milyon avro ayıracaq. Trend RİA Novosti agentliyinə istinadən bu barədə Avropa Komissiyasının saytında deyilir.
Məlumata görə, regionun uzunmüddətli inkişafı üçün 165 milyon avro ayrılacaq, həmçinin 50 milyon avro humanitar yardım göstərilməsinə sərf olunacaq.
Avropa Komissiyasının fikrincə, göstərilən vəsaitin verilməsi, Suriya və onunla qonşu ölkələrin sərhədində vəziyyəti yüngülləşdirməlidir. Həmçinin vəsaitlərin ayrılması son bir neçə gün ərzində ölkədən qonşu Türkiyə ərazisinə gələn minlərlə qaçqının tələbatını təmin edəcək.
Məlumatda qeyd olunur ki, yardıma 10,8 milyon Suriya sakininin ehtiyacı var.
Suriya böhranı başladığı andan 6,4 milyon nəfərdən artıq insan öz evlərini tərk edib və Suriyanın digər rayonlarına köçməyə məcbur olub, 3 milyondan çox suriyalı qaçqın kimi ölkəni tərk edib.