Azərbaycan, Bakı, 22 aprel /Trend, müxbir Rufiz Hafizoğlu/
Türkiyə ümid edir ki, ABŞ Prezidenti Barak Obama 1915-ci il hadisələri ilə bağlı "soyqırım" sözünü işlətməyəcək.
Trend-in məlumatına görə, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Çanaqqala savaşının 100-cü ildönümü ilə bağlı bayram tədbirlərində iştirak etmək üçün bu ölkədə səfərdə olan İraq Prezidenti Fuad Məsumla birgə keçirdiyi mətbuat konfransında deyib.
Avropa Parlamentinin Türkiyəni 1915-ci il hadisələrini araşdırmaq üçün arxivləri açmağa çağırmasını şərh edən R.T.Ərdoğan qeyd edib ki, Ankara həmişə bu hadisələrin araşdırılması üçün arxivləri açmağı təklif edib: "Ermənistanın aça biləcəyi arxiv varsa, qoy bunu etsin".
Onun sözlərinə görə, Ermənistanda deyirlər ki, aprelin 24-də Türkiyədə Çanaqqala zəfərinin ildönümü ilə bağlı bayram tədbirlərinin keçirilməsi Ankaranın saxta "erməni soyqırımı"na cavabıdır: "Türkiyəni ermənilərin bu məsələ ilə bağlı fikri maraqlandırmır".