Azərbaycan, Bakı, 1 oktyabr /Trend, müxbir Təmkin Cəfərov /
Minada baş verən izdihamda ölən iranlı zəvvarların sayı 464 nəfərə çatıb.
Bu barədə məlumatı İranın Həcc və Ziyarət təşkilatı elan edib.
Trend-in məlumatına görə, bu barədə İranın İRİNN xəbər kanalı məlumat verir.
İranın Həcc və Ziyarət Təşkilatı bəyanat yayaraq faciə ilə bağlı başsağlığı verib: "Bəqiyyətullah Əzəm həzrətlərinə, Ali Lider Ayətullah Xameneiyə, İran xalqına və Minada baş verən qəmli faciə qurbanlarının ailələrinə dərin hüznlə başsağlığı veririk. Bu narahatedici hadisədən 7 gün keçir. Məkkə, Ciddə, Taef, Mina, Ərəfat və digər yerlərdə olan bütün xəstəxanalar və tibb ocaqlarına baxış keçirmişik. Bu dərdli faciədə yaralanan şəxslərin hamısı müəyyənləşib. Üzülərək bildiririk ki, Minada baş verən faciədə vəfat edən iranlı zəvvarların sayı 464 nəfərdir. Ali Liderin ofisi və Həcc və Ziyarət təşkilatı bu əzizlərin vəfatına görə matəm içindədirlər. Həlak olan hacıların ailələrinə bir daha başsağlığığı veririk və var gücümüzlə bu əzizlərin pak cənazələrinin ölkəyə qaytarılması üçün çalışırıq."
Qeyd edək ki, bundan öncə İranın Həcc və Ziyarət təşkilatının sədri Səid Övhədi ölən iranlı zəvvarların sayının 228 nəfər, itkin düşən zəvvarların sayının 248, yaralıların sayının isə 27 nəfər olduğunu bildirmişdi.
Qeyd edək ki, Məkkədə - Mina dağında sentyabrın 25-də baş verən izdihamda 750-dən artıq zəvvar ölüb, 1000-ə yaxın insan isə yaralanıb.