...

Sabiq Prezident İranda hərbçilərin siyasi proseslərə müdaxiləsini tənqid etdi

Dünya xəbərləri Materials 23 Noyabr 2015 12:56 (UTC +04:00)

İran, Tehran. Təmkin Cəfərov - Trend:

İranın Məsləhət Şurasının sədri, sabiq Prezident Əli Əkbər Haşimi Rəfsəncani ölkədə bəzi radikal siyasi cərəyanların "Bəsic" könüllülər qüvvələrindən öz "qeyri-milli" məqsədləri üçün sui-istifadə etməsi haqqında xəbərdarlıq edib. Trend-in məlumatına görə, bu barədə Məsləhət Şurasının rəsmi portalı xəbər verib.

Ötən gün İran Partiyaları Ofisinin Mərkəzi Şurasının üzvləri ilə görüşən Ə.Rəfsəncani həmin radikal qruplar tərəfindən siyasi və mədəni seminar və toplantıların dağıdılmasını tənqid edib: "İstənilən ölkə əsl demokratiya ilə idarə olunmaq istəyirsə, bu proses siyasi partiyalarsız mümkün deyil".

O, qeyd edib ki, radikal qruplar müxtəlif əyalətlərə səfər edərək siyasi toplantıları və proqramları dağıtmaqla ölkənin imicini korlamağa çalışırlar.

Qeyd edək ki, ötən həftənin cümə axşamı özlərini "Hizbullah" üzvü kimi qələmə verən bir qrup şəxs Vəramin şəhərində İslahatçılar düşərgəsinə bağlı təkilatların birgə iclasına hücum edib və sabiq Prezident Məhəmməd Xatəminin dövründə daxili işlər naziri işləmiş Əbdülvahid Musəvi Larinin çıxışını kəsib.

Hücumdan sonra İranın daxili işlər naziri Əbdülrza Rəhmani Fəzli məsələnin tez bir zamanda araşdırılmasına göstəriş verib.

"Bəsic" Müqavimət Qüvvələri Təşkilatı 1979-cu ildə İran İslam İnqilabının sabiq rəhbəri Ayətullah Ruhullah Xomeyninin fərmanı ilə yaradılıb. Bu qurum İran İnqilabı Keşikçiləri Korpusunun ("Sepah") nəzdində fəaliyyət göstərir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti