...

YENİ TƏHLÜKƏ! Yerevana gələn yolların bağlanması ərzaq qıtlığı yarada bilər

Dünya xəbərləri Materials 2 May 2018 16:37 (UTC +04:00)

Bakı. Trend:

Ermənistanda davam edən etiraz aksiyaları ilə əlaqədar yolların bağlanması ölkənin ərzaq təhlükəsizliyinə zərbə vura bilər.

Trend-in Ermənistan mətbuatına istinadən verdiyi məlumata görə, bu barədə ölkənin Dövlət Gəlirləri üzrə Komitəsi narahatlığını bildirib.

Qeyd olunur ki, Yerevanda və digər şəhərlərdə əsas yolların etirazçılar tərəfindən bağlanması ərzaq maşınlarının şəhərlərə girişinə mane olur.

Xatırladaq ki, bu gün səhər saatlarından başlayaraq Nikol Paşinyanın tərəfdarları Yerevana gedən əsas yolları, o cümlədən hava limanı yolunu bağlayıb.

Qeyd edək ki, ötən gün Ermənistan parlamentində N.Paşinyan baş nazir seçilə bilməyib. Belə ki, deputatların 45-i onun lehinə səs (53 zəruri səs lazım idi) versə də, bu, kifayət etməyib. Qanuna əsasən, parlament növbəti dəfə baş nazir seçməyə çalışmalıdır. Əks halda qanunverici orqan avtomatik buraxılacaq.

Etiraz aksiyalarının rəhbəri N.Paşinyan tərəfdarlarını mayın 2-si səhər saatlarından ümumi vətəndaş itaətsizliyi aksiyasına başlamağa, ölkədə tətil elan etməyə və aeroporta gedən bütün yolları bağlamağa çağırıb.

Aprelin 13-dən Yerevanda N.Paşinyanın rəhbərliyi ilə sabiq prezident Serj Sarkisyanın baş nazir seçilməsinə qarşı başlayan aksiyalar davam edir. Aprelin 23-də S.Sarkisyan vəzifəsindən istefa verib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti