Bakı. Elnur Bağışov - Trend:
İranın şimalında yerlәşәn Gilan vilayәtinin Әnzәli rayonunda yeni koronavirusun yayılmasına görә vәziyyәt tәhlükәlidir.
Trend-in məlumatına görə, bunu İranın Әnzәli rayonu Sәhiyyә Şurasının sәdri Hadi Heydәri deyib. Onun sözlәrinә görә, tәhlükәli virusun yayılmasının qarşısını almaq üçün әhaliyә mәnzillәrini tәrk etmәmәk tövsiyә olunub.
Heydәri әlavә edib ki, ötәn günlәrdә 73 nәfәr koronavirus şübhәsi ilә xәstәxanada yatırılıb. Onlardan 33 nәfәri buraxılıb.
Sәhiyyә rәsmisi bir neçә nәfәrin virus nәticәsindә öldüyünü tәsdiqlәyib.
Qeyd edәk ki, bu günәdәk (2 mart) İranın Gilan vilayәtindә yeni koronavirusa yoluxanların sayı 163 nәfәr olub.
Әlavә edәk ki, İranın Sәhiyyә, Müalicә vә Tibbi Tәhsil Nazirliyi bu günәdәk İranda 1501 nәfәrin bu virusa yoluxduğunu, 66 nәfәrin öldüyünü vә 291 nәfәrin sağaldığını tәsdiqlәyib.