Bakı. Trend:
Xaricdən İspaniyaya gələn bütün şəxslər koronavirus pandemiyası ilə əlaqədar iki həftə müddətində karantinə alınacaq.
Trend-in məlumatına görə, bununla bağlı ölkə hökuməti müvafiq qərar verib.
Qeyd olunur ki, qərar mayın 15-dən qüvvəyə minəcək.
Qərara əsasən, İspaniyaya gələn hər bir şəxs karantin müddətində yalnız yaşadığı evdə qalmalı, bayıra yalnız ərzaq mağazaları, aptek və tibb müəssisələrinə getmək üçün, həmçinin fors-major hallarında çıxmalıdır. Evdən kənarda maska taxılması zəruridir.
Bu qərar İspaniyada karantin rejimi davam edənədək qüvvədə olacaq.
Qeyd edək ki, bu günədək ölkədə 268 mindən çox şəxs koronavirusa yoluxub, 26 mindən çox xəstə həyatını itirib. Yoluxma sayına görə, İspaniya Avropada 1-ci, dünyada 2-ci yerdə qərarlaşıb.