Bakı. Trend:
Türkiyə dənizdəki karbohidrogen axtarış fəaliyyətini sürətləndirəcək dördüncü qazma gəmisi "Abdülhamid Han" bu gün Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə keçiriləcək mərasimdən sonra ilk missiyası üçün yola salınacaq.
Trend-in TurkicWorld-a istinadən məlumatına görə, donanmanın “ən güclüsü” olan “Abdülhamid Han” üstün texnologiyası ilə dünyada nadir qazma gəmilərindən biri hesab edilir.
Texniki təchizat və fiziki xüsusiyyətləri ilə diqqət çəkən gəminin uzunluğu 238 metr, eni 42 metr, hündürlüyü isə 112 metrdir.
Gəmi 12 min 200 metr dərinlikdə qazma qabiliyyətinə malikdir.
Qeyd edək ki, 200 nəfərlik ekipaj tutumu olan 9 mərtəbəli gəmidə helikopter meydançası da var.
Xatırladaq ki, gəminin ilk missiyasının Şərqi Aralıq dənizində olacağı gözlənilir.