Bakı. Trend:
HƏMAS-ın hərb qanadı olan "İzzəddin Əl-Qəssam Briqadaları" Qəzza zolağının şimalında İsrailin üç ədəd BTR zirehli maşınına zərbə endirdiyini bildirib.
Trend xəbər verir ki, bu barədə qruplaşmanın "Telegram" kanalında dərc olunan məlumatda deyilir.
""İzzəddin Əl-Qəssam Briqadaları"nın döyüşçüləri Qəzza zolağının şimalındakı əraziyə girən BTR maşınlarına pusqudan atəş açıb. Nəticədə "Əl-Yasin-105" mərmisi ilə üç BTR-ə zərbə endirilib", - məlumatda deyilir.
Qeyd edək ki, oktyabrın 7-də İsrailə hücumlar olunub. Əvvəlcə Qəzza bölgəsindən reaktiv mərmilərlə kütləvi atəş açılıb, daha sonra döyüşçülər əraziyə qurudan, havadan və sudan daxil olublar.
İsrail müharibə vəziyyəti elan edib. Bundan başqa, İsrailin müdafiə naziri Yoav Qallant ehtiyatda olan hərbçilərin kütləvi çağırışını elan edib.