...

Türkiyənin yerli silah zavodu yeni investisiyalarla gücləndiriləcək

Dünya xəbərləri Materials 16 Noyabr 2023 15:55 (UTC +04:00)
Türkiyənin yerli silah zavodu yeni investisiyalarla gücləndiriləcək

Bakı. Trend:

Türkiyənin yerli silah zavodu yeni investisiyalarla gücləndiriləcək.

Trend-in TurkicWorld-ə istinadən məlumatına görə, Türkiyə Silahlı Qüvvələrinin silah, sursat və partlayıcı ehtiyaclarını yerli imkanlarla qarşılamaq üçün fəaliyyət göstərən Makina ve Kimya Endüstrisi (MKE) AŞ, mövcud istehsal imkanlarına yeni məhsul və texnologiyalar əlavə etmək, keyfiyyət və tutumunu artırmaq üçün yeni investisiyalar həyata keçirir.

Türk müdafiə sənayesi daxilində orta kalibrli silah sistemlərinin istehsalı ilə məşğul olan Çankırı Silah Zavodunun imkan və tutumu modernləşdirmə işləri ilə artırılacaq. Bu çərçivədə silah və sursat istehsalı üçün fəaliyyət göstərən və MKE-nin işində mühüm yer tutan Çankırı Silah Zavodunda modernləşdirmə işləri aparılacaq.

Maşın və avadanlıq investisiyalarının töhfəsi ilə layihənin sonunda 30 ədəd 35 millimetrlik qoşalüləli zenit, 1 000 ədəd 40 millimetrlik barabanlı qumbaraatan, 400 ədəd 40 millimetrlik avtomatik qumbaraatan, 1 000 ədəd 12,7 millimetrlik zenit-raket qurğusu, təyyarə pulemyotları və 20 ədəd 105 millimetrlik BORAN haubitsaları istehsal olunacaq.

Şirkətə bu investisiya üçün gömrük rüsumundan və ƏDV-dən azad olmaq, 80 faiz vergi endirimi və 40 faiz investisiya töhfəsi kimi dəstək veriləcək.

Qeyd edək ki, MKE Çankırı Silah Zavodu, xüsusilə təhlükəsizlik qüvvələrinin ehtiyac duyduğu orta çaplı silah sistemlərinin istehsalı ilə məşğuldur. Fabrik istehsal etdiyi silah sistemləri ilə bu məhsulların xarici ölkələrdən asılılığının qarşısının alınmasına öz töhfəsini verir. İstehsal obyektləri ilə yanaşı, fabrik çoxlu sınaq və yoxlama infrastrukturuna malikdir.

MKE Çankırı Silah Zavodu 74 min kvadratmetri qapalı, 1 milyon 342 min kvadratmetri açıq olmaqla ümumi 1 milyon 416 min kvadratmetr sahədə fəaliyyətini davam etdirir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti