Bakı. Trend:
G7 ("Böyük Yeddilik") ölkələri Rusiyaya ballistik raket və digər hərbi texnologiyalar tədarük edəcəyi təqdirdə İrana qarşı mühüm tədbirlər görəcəyi ilə hədələdi.
Trend xəbər verir ki, müvafiq bəyanat "G7"nin saytında dərc olunub.
"İran Rusiyaya ballistik raket və ya müvafiq texnologiyalar tədarük etmək istəyirsə, biz ona qarşı sürətlə və yeni koordinasiyalı şəkildə cavab verməyə, o cümlədən yeni və mühüm tədbirlər görməyə hazırıq", - bəyanatda deyilir.
Bundan başqa, G7 ölkələri İranın artıq Rusiya üçün pilotsuz uçuş aparatları tədarük etdiyini xatırladıb və yeni silah tədarükünün regional destabilizasiyanı gücləndirəcəyini vurğulayıblar.
Xatırladaq ki, bu yaxınlarda Avropa Komissiyasının prezidenti Ursula von der Lyayen də İranın Rusiyaya raket tədarük edəcəyi təqdirdə Avropa İttifaqı (Aİ) tərəfindən sanksiyalara məruz qala biləcəyini deyib.
"İran Rusiyaya ballistik raketlər tədarük edəcəyi təqdirdə, əlavə sanksiyalarla cavab verməyə hazırıq", - Avropa Komissiyasının prezidenti deyib.
Bundan başqa, ABŞ Dövlət Departamentinin mətbuat katibi Metyu Miller də İran Rusiyaya ballistik raketlər satacağı təqdirdə, Vaşinqton və müttəfiqlərinin sərt tədbirlər görəcəyini deyib.