Bakı. Trend:
Amerikanın Kaliforniya ştatının qubernatoru Gevin Nyusom Ranço Palos Verdes şəhərində fövqəladə vəziyyət elan edib.
Trend xarici KİV-lərə istinadən xəbər verir ki, Los-Ancelesdən təxminən 50 kilometrlik məsafədə yerləşən şəhərdə sürüşmələr yaşayış məntəqələrinə və elektrik xətlərinə təhlükə yaradır.
Məlumata görə, burada 100-dən çox evin sakinləri təxliyə olunub.
İctimai təhlükəsizlik təhdidi üzündən “Southern California Edison” (SCE) kommunal şirkəti 140 evdə elektrik enerjisinin verilməsini dayandırıb və bildirib ki, daha 105 binada elektrik enerjisini kəsməyi planlaşdırır. Evləri artan sürüşmə yaxınlığında yerləşən insanlara bazar günü bu rayonu tərk etmək tövsiyə olunub.
Yerli hakimiyyət orqanları bildiriblər ki, evlər, yollar və infrastruktur artıq onilliklər ərzində yer dəyişən sürüşmədən zərər çəkib. Sürüşmə 2023-cü ilin yazında güclü yağışlardan sonra sürətlənib.