...

AİB Qazaxıstanda müasir logistika kompleksinin tikintisinə investisiya yatıracaq (FOTO)

Dünya xəbərləri Materials 5 Dekabr 2024 12:06 (UTC +04:00)
AİB Qazaxıstanda müasir logistika kompleksinin tikintisinə investisiya yatıracaq (FOTO)
Əli Qasımov
Əli Qasımov
Bütün xəbərlər

Almatı. Trend:

Avrasiya İnkişaf Bankı (AİB) və "Avrasiya Logistika Parkı" Məhdud Məsuliyyətli Cəmiyyəti Qazaxıstan Respublikasının Almatı vilayətində A sinifli sənaye-logistika kompleksinin tikintisi layihəsi üzrə kredit müqaviləsi imzalayıblar.

Trend xəbər verir ki, kreditin məbləği 16,6 milyard təngə təşkil edir.

Sazişin imzalanması Almatıda, AİB-in beynəlxalq maliyyə təşkilatları üçün keçirdiyi İkinci konfrans ərəfəsində baş tutub.

Kredit müqaviləsini Bank tərəfdən baş direktor Sergey İqnatov, kredit götürən tərəfdən isə "Avrasiya Logistika Parkı" MMC-nin direktoru Adam Mestoyev imzalayıb.

Layihə çərçivəsində Böyük Almatı Dairəvi Avtomobil Yolu (BADAY) yaxınlığında ümumi sahəsi 50 min kvadratmetr olan iki müasir anbar binasının tikintisi nəzərdə tutulur. Kompleksin istismara verilməsi 2025-ci ilin sonuna planlaşdırılıb. Layihənin ümumi dəyəri 22,1 milyard təngə təşkil edir.

"Qazaxıstanda A sinifli logistika mərkəzinin tikintisi layihəsi Bankımızın Avrasiyanın əsas infrastrukturunun inkişafına dair strategiyasını əks etdirir. Almatıda istehlak mallarının paylanması üzrə logistika imkanlarını gücləndirməklə yanaşı, inşa edilən logistika mərkəzi böyük bir hab olmaq potensialına malikdir. Bu, ticarət dövriyyəsinin artırılması, təchizat zəncirlərinin optimallaşdırılması və vahid iqtisadi məkanın yaradılması istiqamətində mühüm addım olacaq.

AİB-in qiymətləndirmələrinə əsasən, regionda müasir ticarət formatlarının bütün növlərində əhəmiyyətli artım gözlənilir. Xüsusilə, 2028-ci ilə qədər onlayn ticarətin illik artım tempinin 12 faiz, istifadəçi sayının isə 91,4 milyona çatacağı proqnozlaşdırılır. Bu layihədə iştirakımız, AİB-in iqtisadi artımı və regionun dayanıqlı inkişafını dəstəkləyən etibarlı tərəfdaş mövqeyini daha da gücləndirir", - AİB-in İdarə Heyətinin sədri Nikolay Podquzov bildirib.

Postpandemiya dövründə anbar logistika sektoru dünyada sürətli inkişaf nümayiş etdirir. Proqnozlara əsasən, 2025-ci il də daxil olmaqla, Avrasiya regionunda keyfiyyətli anbar sahələrinə olan tələbat 1 milyon kvadratmetri ötə bilər, bunun təxminən 40 faizi Qazaxıstanın payına düşəcək. Logistika mərkəzlərinin həm sərhəd bölgələrində, həm də iri şəhərlərdə tikintisi xərclərin azaldılmasına və təchizat zəncirlərinin effektivliyinin artırılmasına kömək edəcək.

AİB nəqliyyat və logistika sahəsində layihələrin dəstəklənməsi üzrə əhəmiyyətli təcrübəyə malikdir. Bank, iştirakçı ölkələrin iqtisadi artımını və inteqrasiyasını təşviq edən təşəbbüsləri fəal şəkildə dəstəkləyir və infrastruktur obyektlərinin tikintisinə maliyyə təminatı verir.

Xəbər lenti

Xəbər lenti