Bakı. Trend:
BMT-nin Humanitar Məsələlərin Əlaqələndirilməsi İdarəsinin (OCHA) məlumatına əsasən, son aylarda ciddi ərzaq və zəruri ləvazimat çatışmazlığı ilə üzləşən Qəzza zolağına 808 yük maşını humanitar yardım gətirilib.
Trend-in Qətərin “Əl-Cəzirə” telekanalına istinadən verdiyi xəbərə görə, OCHA-nın hesabatında İsrailin BMT-nin Yaxın Şərqdəki Fələstinli Qaçqınlara Yardım və İşlər üzrə Agentliyinin (UNRWA) fəaliyyətinə qadağa qoymasının Qəzzanın yenidən qurulması səylərinə mənfi təsir etdiyi vurğulanır.
Xatırladaq ki, 2024-cü ilin oktyabrında İsrail parlamenti – Knesset, UNRWA-nın ölkə ərazisində fəaliyyətini qadağan edən qanun qəbul edib. Bu qanuna əsasən, agentliyin yəhudi dövlətinin ərazisində hər hansı ofisinin, xidmətlərinin və ya digər fəaliyyətlərinin olması qadağan edilir.
OCHA bu ayın əvvəlində xəbərdarlıq etmişdi ki, İsrailin blokadası səbəbindən Qəzzaya çatdırılan ərzaq və humanitar yardımlara ciddi məhdudiyyətlər tətbiq olunur, bu da bölgədə aclıq vəziyyətini daha da pisləşdirir.