Bakı. Trend:
ABŞ-nin Beynəlxalq İnkişaf Agentliyi (USAID) qeyri-hökumət təşkilatlarının vasitəsilə Gürcüstandakı seçkilərə 41,7 milyon dollar vəsait xərcləyib.
Trend xəbər verir ki, bunu Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili bildirib.
“Əgər ABŞ və Gürcüstan əhalisinin say nisbətini nəzərə alsaq, bu məbləğ ABŞ-dakı seçkilərə yönləndirilmiş 3,78 milyar dollar xarici investisiyaya bərabərdir. ÜDM-lə müqayisə etsək bu rəqəmlər daha absurd görsənəcək. Bir ölkənin seçkilərinə 41,7 milyon dollar xərcləyib, onun xalqı qarşısında məsuliyyət hiss etməmək mükmünsüzdür.
Seçki nəticələri ilə bağlı yalan məlumatların yayılmasına cavabdeh olan, 2020-ci ilin seçkilərinin pozulmasında iştirak edən və 2024-cü ildə analoji praktikanı davam etdirən USAID, ABŞ-nin vergi ödəyicilərinə məxsus milyonların necə və nə üçün Gürcüstandakı seçki prosesini pozmağa çalışan qeyri-hökumət təşkilatlarına sərf olunduğunu aydınlaşdırmalıdır”, -deyə Papuaşvili öz “X” səhifəsində yazıb.
Qeyd edək ki, USAID-in rəsmi saytı hal-hazırda fəaliyyət göstərmir. Tramp administrasiyası USAID-in müstəqil təşkilat statusundan məhrum edib, dövlət departamentinin strukturuna inteqrasiya edilməsinin mümkünlüyünü nəzərdən keçirir.