Bakı. Trend:
Fevralın 14-dən İkitərəfli pnevmoniyadan əziyyət çəkən və xəstəxanada nəzarət altında olan Papa Fransiskin vəziyyəti davamlı olaraq yaxşılaşır. Xəstəxanada müalicə edən həkimlər onun vəziyyətində müsbət irəliləyişlər qeyd edərək, gələcək üçün proqnozlarının yaxşı olduğunu açıqlayıblar.
Trend xəbər verir ki, bu barədə Müqəddəs Taxt-Tacın mətbuat xidmətinin bəyanatında deyilir.
88 yaşlı pontifik hələ də xəstəxana şəraitində müalicə almağa davam etməlidir. Həkimlər qeyd ediblər ki, “əvvəlki günlərdə qeydə alınan ümumi vəziyyətin yaxşılaşması davam edir və bu, həm qan analizləri, həm də ümumi obyektiv klinik mənzərə, həmçinin dərman terapiyasına yaxşı reaksiya ilə təsdiqlənir."
Həkimlərin proqnozunun müsbət olduğunu bildirən bəyanatda, klinik vəziyyətin mürəkkəbliyini və ilkin olaraq ağır infeksiyanı nəzərə alaraq, sonrakı günlərdə müalicənin xəstəxana şəraitində davam etdirilməsi zərurəti olduğu vurğulanır.