Bakı. Trend:
Argentinanın San İsidro məhkəməsi əfsanəvi futbolçu Dieqo Maradonanın ölümü ilə bağlı şahidləri dinləməyə başlayıb.
Trend TN-ə istinadən xəbər verir ki, ilk ifadə verənlər hadisə yerinə gələn polis əməkdaşları olub. Dörd asayiş keşikçisi Maradonanın həyatının son günlərini keçirdiyi evdə gördüklərini məhkəmədə açıqlayıb.
Polis zabiti Karlos Hüqo Karranza ifadəsində futbolçunun cəsədini ilk gördüyündə mədəsinin həddindən artıq şişdiyini qeyd edib. Onun həmkarı Lukas Farias isə gördüklərindən çox təəccübləndiyini və Maradonanın mədəsinin "partlayacaq kimi" göründüyünü bildirib.
Maradonanın ölümü ilə bağlı ona baxan tibb işçilərinin ittiham olunduğu məhkəmə prosesi ötən həftə başlayıb. İlk iclasda prokurorluq futbolçunun ölümündən dərhal sonra çəkilmiş və polisin ifadəsini təsdiqləyən fotonu təqdim edib.
Təqsirləndirilən şəxslərin vəkilləri isə Maradonanın narkomaniyadan əziyyət çəkdiyini və xroniki sağlamlıq problemlərinin onun ölümünə səbəb olduğunu bildirərək, müvəkkillərinin məsuliyyət daşımadığını iddia ediblər.