Bakı. Trend:
ABŞ dövlət katibi Marko Rubio və Ermənistanın baş naziri Nikol Paşinyan Cənubi Qafqazda sülh prosesini müzakirə ediblər.
Trend xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamenti məlumat yayıb.
Bildirilib ki, dövlət katibi Azərbaycan və Ermənistan arasında sülh müqaviləsi layihəsinin mətni üzrə razılaşmanı alqışlayıb və regional münaqişələrin amansız dövrəsini qırmaq, Cənubi Qafqazda təhlükəsizlik və rifahı təmin etmək üçün davamlı sülhün vacibliyini vurğulayıb.
"Dövlət katibi və baş nazir Cənubi Qafqazda eskalasiyanın istənilən formasının qəbuledilməz olması barədə razılığa gəliblər", - deyə məlumatda bildirilir.
Xatırladaq ki, ötən gün Azərbaycan XİN Azərbaycan və Ermənistan arasında sülh və dövlətlərarası münasibətlərin qurulması haqqında Saziş layihəsinin mətni üzrə danışıqların yekunlaşdığını elan edib.
"Bununla yanaşı, danışıq aparılmış mətnin imzalanması üçün əsas şərtin Azərbaycanın suverenliyi və ərazi bütövlüyünə qarşı iddiaların aradan qaldırılması məqsədilə Ermənistanın konstitusiyasına dəyişiklik edilməsi olduğu barədə Azərbaycanın uzunmüddətli və prinsipial mövqeyini bir daha diqqətə çatdırırıq.Eyni zamanda, ATƏT-in köhnəlmiş və qeyri-funksional Minsk Qrupunun və aidiyyəti strukturların rəsmi şəkildə ləğv olunmasının zəruriliyini vurğulayırıq.İki ölkə arasında normallaşma prosesi ilə bağlı bu və digər məsələlər üzrə ikitərəfli dialoqu davam etdirməyə hazırıq", - deyə XİN-dən bildirilib.