Bakı. Trend:
Perulu görkəmli yazıçı, Nobel mükafatı laureatı Mario Varqas Lyosa (tam adı - Xorxe Mario Pedro Varqas Lyosa, 1-ci markiz Varqas Lyosa - red.) 89 yaşında dünyasını dəyişib.
Trend xəbər verir ki, bu barədə onun övladlarının “X” sosial şəbəkəsində birgə məktubu paylaşılıb.
Məktuba əsasən, mərhum yazıçının nəşi kremasiya olunacaq və ictimaiyyətə açıq dəfn mərasimi keçirilməyəcək.
Lyosa ədəbiyyata "İnkanın qaçışı" (1952) pyesi ilə gəlib. Sonradan hekayələr yazıb, ədəbi jurnallar nəşr etdirib. Yazıçı “Qəhrəmanın zamanı” və “Keçi bayramı” romanları ilə məşhurlaşıb.
1990-cı ildə Peruda prezident seçkilərində namizəd olub, lakin Alberto Fuximoriyə uduzub.
Lyosa 2010-cu il Ədəbiyyat üzrə Nobel mükafatına layiq görülüb. Mükafatı verən İsveç Akademiyasının açıqlamasında Nobel mükafatının Lyosaya "hakimiyyət strukturunun detallı açıqlamasına və insanın mübarizəsi, üsyanı və məğlubiyyətinin kəskin təsvirinə görə" verildiyi bildirilib.