Bakı. Trend:
Türkiyənin xarici işlər naziri Hakan Fidan Rusiya səfəri çərçivəsində bu gün Rusiyalı həmkarı Sergey Lavrov, daha sonra isə ölkənin prezidenti Vladimir Putinlə görüşüb.
Trend bu barədə Rusiya KİV-ə istinadən xəbər verir.
Danışıqlarda ikitərəfli münasibətlərlə yanaşı Ukrayna münaqişəsinin nizamlanması əsas müzakirə predmetlərindən olub.
Hakan Fidan görüşdən sonra verdiyi açıqlamada, Putinlə Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğanı narahat edən mövzuları və ilk növbədə Ukrayna üzrə sülh danışıqlarının uğurlu şəkildə başa çatdırılmasının vacibliyini müzakirə etdiklərini diqqətə çatdırıb.
Türkiyəli ali diplomatın Rusiya səfəri çərçivəsində bundan başqa Rusiyanın müdafiə naziri Andrey Belousov və İstanbulda keçən Ukrayna ilə bağlı sülh danışıqlarında Moskvanın nümayəndə heyətinə başçılıq etmiş, Rusiya dövlət başçısının köməkçisi Vladimir Medinski ilə görüşəcəyi bildirilir.