Bakı. Trend:
Aktau–Şımkent reysi ilə uçmalı olan 200-dən çox sərnişin hava gəmisində partlayıcı qurğunun olması barədə xəbərdən sonra təcili olaraq təyyarədən endirilib.
Trend Qazaxıstan mətbuatına istinadən xəbər verir ki, panikaya körpəsi ilə səyahət edən 27 yaşlı qadın səbəb olub.
Ekipaj üzvləri və sərnişinlər dərhal təxliyə olunub, təyyarə xüsusi xidmət orqanlarının iştirakı ilə beş saatdan çox yoxlanılıb. Lakin axtarış zamanı hər hansı partlayıcı vasitə tapılmayıb.
Şahidlərin sözlərinə görə, qadının bu addımı emosional pozğunluq səbəbindən atdığı güman edilir. Onu polis saxlayıb.
Qazaxıstan Nəqliyyat Polis Departamenti faktla bağlı “Terror aktı barədə bilərəkdən yalan məlumat vermə” maddəsi üzrə cinayət işi başladıldığını açıqlayıb.