...

Vətəndaşlar işğaldan azad olunmuş ərazilərə səfər üçün icazələri “mygov” platforması vasitəsilə ala biləcəklər

Telekommunikasiya Materials 22 Avqust 2025 15:31 (UTC +04:00)
Vətəndaşlar işğaldan azad olunmuş ərazilərə səfər üçün icazələri “mygov” platforması vasitəsilə ala biləcəklər
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı.Trend:

“mygov” platformasında vətəndaşların dövlət xidmətlərinə çıxışını daha da sadələşdirmək məqsədilə yeni xidmət istifadəyə verilib.

Bu barədə Trend-ə İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyindən məlumat verilib.

Bildirilib ki, “İşğaldan azad olunmuş ərazilərə səfər üçün icazə” xidməti artıq “mygov” platforması vasitəsilə mümkün olacaq. Bu xidmət vasitəsilə işğaldan azad olunmuş ərazilərə fərdi minik avtomobili ilə səfər etmək istəyən Azərbaycan Respublikasının vətəndaşları icazə prosesini rahat və sürətli şəkildə həyata keçirə biləcəklər.

Əvvəllər bu icazələr yalnız “Yolumuz Qarabağa” portalı üzərindən verilsə də, indi bu xidmət “mygov” platformasına da inteqrasiya olunub. İstifadəçilər platformada “Nəqliyyat” kateqoriyasından “İşğaldan azad olunmuş ərazilərə səfər üçün icazə” xidmətini seçərək, təyinat nöqtəsini və səfər tarixini müəyyənləşdirir, avtomobil və sərnişin məlumatlarını daxil edir. Bu mərhələdə müraciət edən şəxsin FİN kodu üzrə adına qeydiyyatda avtomobil varsa, məlumatlar avtomatik olaraq ekranda görünür. Əgər yoxdursa, vətəndaş özü məlumatları əlavə edir. İstifadəçi bütün məlumatları əlavə etdikdən sonra birdəfəlik şifrə (OTP) ilə müraciətini təsdiqləyir. Vətəndaş aldığı icazəyə dair məlumatları “Tarixçə” bölməsindən izləyə və lazım gəldikdə icazəni ləğv edə bilər.

Qeyd edək ki, səfər zamanı sürücü də daxil olmaqla 9 sərnişin iştirak edə bilər. Bununla yanaşı dövlət qeydiyyat nişanlı fərdi mink avtomobilinin əlavə olunması tələb olunur.

Bu və digər inteqrasiyalar vətəndaşların zəruri dövlət xidmətlərini “mygov” platforması vasitəsilə vahid şəkildə əldə etməsinə imkan yaradır, nəticədə isə rəqəmsal xidmətlərdən istifadə daha rahat və mərkəzləşdirilmiş olur.

Xəbər lenti

Xəbər lenti