Bakı. Trend:
Azərbaycan Respublikası Prezidentinin 28 may 2021-ci il tarixli Fərmanı ilə yaradılan Ağdam Sənaye Parkında investisiya portfeli 285 milyon manatdan çox olan 30 rezident və 4 qeyri-rezident qeydiyyatdan keçib.
Bu barədə Trend-ə İqtisadiyyat Nazirliyi yanında İqtisadi Zonaların İnkişafı Agentliyindən məlumat verilib.
Məlumata görə, rezident sayına görə ölkə üzrə ikinci yerdə olan sənaye parkında sahibkarlar tərəfindən görülmüş işlərə 138 milyon manata yaxın investisiya yatırılıb, 900-dən artıq daimi iş yeri yaradılıb. Bildirilib ki, işlə təmin edilənlərin çoxu Ağdam və ətraf rayonların sakinləridir.
"Sənaye Parkında fəaliyyətə başladığı müddətdən indiyədək
təxminən 500 milyon manat dəyərində məhsul istehsal olunub, bunun
təxminən 18 milyon manatlıq hissəsi ixrac edilib. Burada əsasən
tikinti materiallarının, tütün məmulatlarının, müxtəlif növ
ayaqqabıların, havalandırma, yanğınsöndürmə və metal
məmulatlarının, dəmiryolu avadanlıqlarının, elektirk
avadanlıqlarının və s. istehsalı həyata keçirilir. İstehsal edilən
məhsullardan işğaldan azad edilmiş ərazilərdə aparılan
tikinti-quraşdırma işlərində geniş istifadə edilir.
Ağdam Sənaye Parkının əksər hissəsi sahibkarların istifadəsinə
verilib. Parkın qalan əraziləri üzrə sahibkarlardan investisiya
müraciətlərinin qəbulu hazırda davam edir", - məlumatda qeyd
edilib.
Vurğulanıb ki, Azərbaycan Respublikası Prezidentinin 4 oktyabr
2021-ci il tarixli Fərmanı ilə yaradılan “Araz Vadisi İqtisadi
Zonası” Sənaye Parkında ümumi investisiya portfeli 150 milyon
manata yaxın 18 sahibkarlıq subyekti rezident, 3 sahibkar isə
qeyri-rezident kimi qeydiyyatdan keçib: "Cəbrayıl rayonunda
yerləşən sənaye parkında sahibkarlar tərəfindən indiyədək 3,4
milyon manatlıq, həmçinin bu ilin I yarısında 2,7 milyon manatlıq
məhsul satışı edilib.
Ərazisi 200 hektar olan “Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkı
logistika baxımından strateji əhəmiyyətə malik Cəbrayıl rayonunda,
yeni salınan magistral avtomobil və dəmir yollarının üzərində
yerləşir. Sənaye parkının əsas fəaliyyət istiqamətləri logistika və
ticarət mərkəzi, anbar kompleksləri, topdan və pərakəndə satış
obyektləri, TIR parkı, yanacaqdoldurma, avtomobil və digər
texnikaların təmiridir".
Qeyd edək ki, sənaye parklarında sahibkarlıq fəaliyyətinin inkişafı
üçün əlverişli mühit yaradılıb. Sənaye parkının rezidentləri dövlət
vəsaiti hesabına hazır infrastrukturla - qaz, işıq, su,
kanalizasiya, fiber-optik, daxili avtomobil və dəmir yolları
xətləri ilə təmin edilirlər. Parkın rezidentləri qeydiyyata
alındıqları tarixdən etibarən 10 il müddətinə əmlak, torpaq, gəlir
vergilərindən, həmçinin istehsal məqsədilə texnikanın, texnoloji
avadanlıqların və qurğuların idxalı zamanı ƏDV-dən və gömrük
rüsumundan tam azad olunurlar.
Bundan başqa, işğaldan azad olunmuş ərazilərdəki mövcud sənaye
parklarında əlavə güzəştlər də tətbiq edilir. Bunlara xüsusi
güzəştli bank kreditləri, sosial sığorta ödənişlərinin
subsidiyalaşdırılması, kommunal xidmətlərə 20 faiz endirim, idxal
olunan xammal və materiallar üzrə gömrük rüsumları və ƏDV-dən tam
azadolma (müəyyən edilmiş siyahıya əsasən) aiddir.
Sənaye parklarında rezident kimi qeydiyyatdan keçmək istəyən
sahibkarlar İqtisadiyyat Nazirliyinin tabeliyində İqtisadi
Zonaların İnkişafı Agentliyinə müraciət edə bilərlər.