Bakı. Trend:
Azərbaycan neftinin bəzi partiyalarında potensial çirklənmə problemləri ilə bağlı görülən son işlər açıqlanıb.
Trend xəbər verir ki, bu barədə bp-nin Xəzər regionu üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli jurnalistlərə açıqlamasında məlumat verib.
"Neft ixracı müəyyən bir rejimlə aparılır. Hazırda təmizləmə işləri davam etdirilir. Bakı-Tbilisi-Ceyhan (BTC) boru kəməri ilə ixrac olunan neftdə aşkarlanan çirklənmə tam aradan qaldırıldıqdan sonra ictimaiyyətə məlumat veriləcək", - deyə o bildirib.
Qeyd edək ki, bir müddət əvvəl Xəzərin iri neft-qaz layihələrinin operatoru olan BP Plc şirkəti bəyan edib ki, Azərbaycan neftinin bəzi partiyalarında potensial çirklənmə problemləri barədə məlumat alınıb.
Şirkət bildirib ki, bu problemlər neftdə orqanik xloridlərlə əlaqədardır. Qeyd edilib ki, bu kimyəvi maddə kifayət qədər miqdarda olduqda emal zavodlarına və avadanlığa zərər verə bilər.
Böyük həcmdə Azərbaycan nefti 1768 km neft kəməri ilə Türkiyənin Aralıq dənizi sahilində yerləşən Ceyhan limanına daşınır. Bu kəməri BTC Co. (Baku–Tbilisi–Ceyhan Şirkəti) çəkib və bp idarə edir.