Bakı. Trend:
Azərbaycan ilə Ermənistan arasında sülh müqaviləsinin paraflanması Cənubi Qafqazda tarixi bir mərhələnin başlanğıcıdır. Bu sənəd iki dövlət arasında uzun illər davam edən münaqişəyə son qoymaqla yanaşı regionda dayanıqlı sülhün və təhlükəsizliyin təmin olunması baxımından yeni perspektivlər yaradır.
Bunu Trend-ə Milli Məclisin deputatı Afət Həsənova deyib.
Deputat qeyd edib ki, regionda sülh gündəliyi Azərbaycanın müəyyən etdiyi prinsiplər və irəli sürdüyü təklif və təşəbbüslər əsasında müəyyən edilir.
“Sülh müqaviləsinin paraflanmasında da əsas məzmun və müddəalar Azərbaycanın mövqeyinə uyğun şəkildə formalaşdırılıb. Bu sənəd region üçün yeni və geniş imkanlar açır”.
Deputat vurğulayıb ki, sənəddə Azərbaycanın strateji hədəflərindən biri olan Naxçıvanla quru əlaqəsi də təmin olunub:
“Bu, həm tarixi ədalətin bərpası, həm də regiondakı kommunikasiya xəritəsinin yenidən formalaşdırılması baxımından mühüm nailiyyətdir. Naxçıvanla birbaşa quru yolunun açılması təkcə Azərbaycan üçün deyil, bütövlükdə region ölkələri üçün iqtisadi və logistik baxımdan yeni imkanlar deməkdir.
Eyni zamanda bu sənəd yalnız iki ölkə arasında münasibətlərin normallaşdırılmasına deyil, həmçinin bütün regionda sülh və əməkdaşlıq mühitinin möhkəmlənməsinə xidmət edəcək. Azərbaycanın diplomatik uğuru həm də tarixi ədalətin bərpası baxımından xüsusi əhəmiyyət daşıyır”.