Bakı. Trend:
Beynəlxalq elmi tədqiqatlar Antarktidada baş verən sürətli iqlim dəyişiklikləri ilə bağlı ciddi təhdidlərin olduğunu üzə çıxarıb.
Trend xəbər verir ki, bu barədə xarici KİV-lər məlumat yayıb.
Məlumata görə, qitədə buzlaqların sürətlə əriməsi, dəniz səviyyəsinin qalxması və ekosistemdə dərin dəyişikliklərin artıq müşahidə olunur.
Avstraliyalı alim Nerilie Abram və onun rəhbərlik etdiyi tədqiqat qrupu bu prosesi “rejim dəyişikliyi” adlandırır. Alimlərin qənaətincə, bu dəyişikliklər qlobal iqlim sisteminə zəncirvari təsir göstərərək qlobal çevrilmə reaksiyalarını işə sala bilər. Ən riskli bölgələrdən biri Qərbi Antarktida buzlağıdır. Onun tam çöküşü dəniz səviyyəsinin 3 metrdən çox artmasına səbəb ola və sahilyanı şəhərləri təhlükə altına sala bilər.
Tədqiqatda bildirilir ki, Antarktida ətrafında okean sirkulyasiyasının zəifləməsi müşahidə olunur. Bu proses dünya okeanlarında istilik, oksigen və qida maddələrinin yayılmasına mənfi təsir göstərir və okeanın karbon qazını udma qabiliyyətini azaldır.