Bakı. Trend:
Alimlər gənclər arasında yoğun və düz bağırsaq xərçənginin qlobal artımının mümkün səbəblərindən birinin yüksək dərəcədə emal olunmuş qidalar (ultra-processed food -ing) olduğunu müəyyən ediblər .
Trend bu barədə xarici KİV-ə istinadən xəbər verir.
Ultra-emal olunmuş qidalar - paketlənmiş qəlyanaltılar,o cümlədən çipslər, kütləvi istehsal olunan çörəklər, şəkərləndirilmiş səhər yeməyi dənliləri, hazır əriştələr və dondurulmuş pizzalar kimi istifadəyə tam hazır məhsullar - son 20 ildə qidalanmada artan paya malikdir.
Son dövrlərdə yaşlılara xas hesab edilən kolorektal xərçənglərin yaşı əllidən az olan insanlar arasında da paralel artımı müşahidə edilir. Bu xəstələr çox vaxt xəstəliyin gec mərhələsində diaqnoz alır və sağ qalma göstəriciləri daha pis olur. Bu isə tədqiqatçıları dəyişən qidalanma vərdişlərimizin sağlamlığa təsirini daha yaxından araşdırmağa sövq edir.
Tədqiqat çərçivəsində alimlər ABŞ-də 29 mindən çox qadının pəhrizlərini və endoskopiya nəticələrini təhlil ediblər. Onların iyirmi ildən çox sağlamlıq məlumatına çıxışı olub.
Ultra-emal olunmuş qidaları ən çox yeyən qadınlarda yoğun və düz bağırsaqda yaranan, sonradan xərçəngə çevrilə bilən adenoma - yəni törəmələr və poliplər - inkişaf etdirmə riski, bu qidalardan az istifadə edənlərlə müqayisədə 45 faiz daha yüksək olub.
“Artan risk demək olar ki, xətti xarakter daşıyır, yəni nə qədər çox ultra-emal olunmuş qida yeyirsinizsə, yoğun bağırsaqda polip yaranması ehtimalı da bir o qədər artır,” – ABŞ-nin Mass General Briqam Xərçəng İnstitutunun qastroenteroloqu və tədqiqatın müəlliflərindən biri Dr. Endrü Çen bildirib.
