Bakı. Trend:
2025-ci ildə “Curiosity” özüyeriyən kosmik aparatı Mars planetinin qədim lil süxurlarında uzun zəncirli üzvi molekullar — alkanlar aşkar edib. Onların konsentrasiyası cəmi 30–50 milyardda hissə təşkil edirdi ki, bu da özlüyündə sensasiya kimi görünmürdü. Lakin yeni tədqiqat bu məlumatlara fərqli baxış təklif edir.
Trend xarici KİV-ə istinadən xəbər verir ki, elmi araşdırma “Astrobiology” jurnalında dərc olunub.
Aleksandr Pavlovun rəhbərliyi ilə NASA “Goddard Space Flight Center”in komandası süxurda ilkin olaraq nə qədər üzvi maddə ola biləcəyini (milyonlarla il davam edən kosmik şüalanmanın onun böyük hissəsini məhv etməsindən əvvəl) qiymətləndirməyə çalışıb.
Söhbət Marsın səthində təxminən 80 milyon il qalmış “Cumberland” argillitindən (Cumberland mudstone) gedir. Bu müddət ərzində intensiv radiasiya üzvi birləşmələri tədricən parçalamalı idi.
Tədqiqatçılar ionlaşdırıcı şüalanmanın təsiri altında molekulların dağılması — radioliz üzrə laboratoriya eksperimentlərinin məlumatlarından istifadə edərək alkanların sələflərinin mümkün ilkin konsentrasiyasını hesablayıblar. Bu, hazırda qeydə alınan səviyyədən bir neçə dərəcə yüksəkdir.
Xüsusi maraq doğuran məqam ondan ibarətdir ki, aşkar edilmiş alkanlar uzun zəncirli yağ turşularının fraqmentləri ola bilər. Yer üzündə bu cür birləşmələr əhəmiyyətli dərəcədə lakin yalnız bioloji mənbələrlə məhdudlaşmamaq şərti ilə — bioloji aktivliklə əlaqələndirilir.
Alimlər üzvi maddələrin mümkün qeyri-bioloji mənbələrini də təhlil ediblər: planetlərarası toz və meteoritlərlə daşınma, atmosfer üzvi dumanının çökməsi, hidrotermal proseslər və serpentinləşmə reaksiyaları. Lakin onların hesablamalarına görə, bu mexanizmlər hətta birlikdə belə ehtimal edilən bu qədər yüksək ilkin konsentrasiyanı izah etmək iqtidarında deyil.
