Bakı. Trend:
İspaniya hökuməti 1981-ci il fevralın 23-də baş vermiş dövlət çevrilişi cəhdinə dair sənədlərin məxfilikdən çıxarılması barədə qərar qəbul edib.
Trend xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə krallığın baş naziri Pedro Sançes öz “X” səhifəsində yazıb.
“Yaddaş qapalı saxlanıla bilməz .Sabah 23 fevral hadisələri ilə bağlı sənədləri məxfilikdən çıxaracağıq. Demokratiyalar daha azad gələcək qurmaq üçün öz keçmişlərini bilməlidirlər”, – hökumət başçısı əlavə edib.
Dövlət çevrilişi cəhdi 1975-ci ildə diktator Fransisko Frankonun ölümündən sonra İspaniyada demokratiyanın formalaşmağa başladığı dövrdə baş verib. 1981-ci il fevralın 23-də Madriddə parlament binası ələ keçirilib. Onlarla mülki qvardiya əməkdaşı Deputatlar Konqresinə daxil olub. Çevriliş iştirakçıları ölkəni yenidən avtoritar idarəetmə formasına qaytarmaq ümidi ilə deputatları girov saxlayıblar. Qiyam Valensiyada da təşkil olunub. Çevriliş cəhdi fevralın 24-də yatırılıb. Dövlət çevrilişi cəhdinin uğursuzluğa düçar olmasında həmin vaxt İspaniya kralı olan və qiyamçıları dəstəkləməyən I Xuan Karlos mühüm rol oynayıb.
