Bakı. Trend:
2021–2025-ci illər ərzində dövlətlər arasında əsas silah növlərinin ixrac və idxal göstəriciləri 2016–2020-ci illərlə müqayisədə 9,2 faiz yüksəlib.
Trend xəbər verir ki, bu məlumat “Stockholm International Peace Research Institute” (SIPRI) tərəfindən yayımlanan qlobal silah ticarətinə dair yeni hesabatda yer alıb.
Silah alışını üç dəfədən çox artıran Avropa ölkələri bu sahədə ən iri alıcı regiona çevrilib.
Dünyanın ən böyük silah tədarükçüsü sayılan ABŞ-ın ümumi ixracı 27 faiz artıb. Bu ölkənin Avropa istiqamətində silah ixracı isə 217 faiz yüksəlib.
Hesabata əsasən, qlobal silah axınındakı bu artım 2011–2015-ci illərdən bəri qeydə alınan ən yüksək göstəricidir.
Artımın əsas səbəblərindən biri Ukrayna və digər Avropa ölkələrinə silah tədarükünün çoxalmasıdır. Belə ki, 2021–2025-ci illərdə Ukraynanın payı ümumi həcmin 9,7 faizini təşkil edib.
Sənəddə qeyd olunur ki, Avropa və ABŞ istisna olmaqla, dünyanın digər bütün regionlarında silah idxalı azalma tendensiyası göstərib.
2021–2025-ci illərdə əsas silah növlərinin ən böyük beş ixracatçısı ABŞ, Fransa, Rusiya, Almaniya və Çin olub.
Həmin dövrdə ən iri beş alıcı ölkə isə Ukrayna, Hindistan, Səudiyyə Ərəbistanı, Qətər və Pakistan hesab olunur.