...

Gürcüstan XİN-i Rusiyanı tənqid edir

Dünya xəbərləri Materials 17 Oktyabr 2006 16:38 (UTC +04:00)

Oktyabrın 16-da Minskdə MDB ölkələri Xarici İşlər Nazirləri Şurasının iclası keçirilib. Trend in xüsusi müxbirinin Gürcüstan XİN-in məlumatına istinadən xəbər verdiyi kimi, gürcü nümayəndə heyəti Rusiyanın Gürcüstana qarşı yürütdüyü "qeyri-adekvat siyasət"inə görə tənqid edib və münaqişələrin nizamlanması məqsədi ilə danışıqlar və sülhməramlı formatların dəyişdirilməsi ilə bağlı məsələ qaldırıb.

Gürcüstan nümayəndə heyətinə bu ölkənin xarici işlər nazirinin müavini Georgi Mancqaladze başçılıq edib. Görüşdə Gürcüstanın münaqişələrin nizamlanması üzrə dövlət naziri Merab Antadze də iştirak edib.

G. Mancqaladze MDB-yə üzv ölkələri Rusiyanın "beynəlxalq hüquq normalarına və MDB çərçivəsində əməkdaşlığın əsas prinsiplərinə zidd olan hərəkətlərinə müvafiq qiyməti verməyə və Rusiya tərəfini konstruktiv müzakirələrə və yığılmış problemlərin həllinə çağırmağa" səsləyib.

MDB XİN başçıları şurasının iclasında GUAM (Gürcüstan, Ukrayna, Azərbaycan, Moldova) təşkilatının bəyanatı yayılıb. Bəyanatda GUAM MDB-nin digər ölkələrini Rusiya-Gürcüstan münasibətlərində yaranmış böhranın nizama salınması istiqamətində göstərilən səyləri dəstəkləməyə çağırır. "GUAM həmçinin Gürcüstanın onun ərazisindəki münaqişələrin nizamlanması ilə bağlı təşəbbüsünü dəstəkləyir. Söhbət, əsasən, danışıqlar formatının və sülhməramlı əməliyyatların genişləndirilməsinə dair təkliflərdən gedir", - deyə Gürcüstan XİN-in bəyanatında bildirilir.

Xəbər lenti

Xəbər lenti