...

Özbəkistan saytı ermənilərin milli rəqslərimizi mənimsəmə cəhdlərindən yazdı

Mədəniyyət Materials 4 İyun 2015 15:10 (UTC +04:00)
Özbəkistanın "Silkway.uz" saytında "Азербайджанские народные танцы - Яллы" adlı məqalə dərc olunub. Bu barədə Trend-ə Mədəniyyət və Turizm Nazirliyindən məlumat verilib.
Özbəkistan saytı ermənilərin milli rəqslərimizi mənimsəmə cəhdlərindən yazdı

Azərbaycan, Bakı, 4 iyun /Trend/

Özbəkistanın "Silkway.uz" saytında "Азербайджанские народные танцы - Яллы" adlı məqalə dərc olunub. Bu barədə Trend-ə Mədəniyyət və Turizm Nazirliyindən məlumat verilib.

Müəllif Sergey Qurbanov məqalədə qeyd edir: "Xalq rəqsləri hər bir ölkənin mədəniyyətinin bir hissəsidir. Məhz milli rəqslər vasitəsilə xalqın tarixini, onun yüksəliş və süqutunu izləmək olar. Azərbaycan xalq rəqsləri mövzu baxımından rəngarəngdir, onlar əmək, mərasim, məişət, qəhrəmanlıq, idman və s. növlərə bölünür".

Jurnalist S.Qurbanov yazır: "Bir qayda olaraq, Azərbaycan xalq rəqsləri xalq çalğı alətlərinin müşayiəti altında ifa olunur: Zurnaçılar üçlüyü, tar, kaman üçlüyü. Azərbaycan xalq rəqsləri lirik - "Turacı", "Uzundərə" və şən əhvali-ruhiyyəli "Tərəkəmə", asta, təntənəli və vüqarlı - "Mirzəyi" və s. qeyd etmək olar".

Müəllif xalqımızın milli rəqslərinin ən populyarlarından "Uzundərə", "Köçəri", "Tello" və "Yallı"nı xüsusi vurğulayır, kollektiv rəqslərin ən geniş yayılmış "Yallı" rəqsi haqqında ətraflı məlumat verir. O, şən, kollektiv və dairəvi rəqs olan "Yallı" ilə bağlı şərtlər, qaydaları sadalayır.

Daha sonra jurnalist Azərbaycanın Müəllif Hüquqları Agentliyinin bəyanatı barədə yazır: "Ermənistanın mədəniyyət naziri qədim milli Azərbaycan rəqsi "Köçəri"nin ermənilərin qeyri-maddi irs nümunəsi kimi təsdiq edilməsi haqqında YUNESKO qarşısında məsələ qaldırmışdı".

S.Qurbanov qeyd edir ki, ermənilər uzun illərdir ki, Azərbaycan xalqına məxsus musiqi əsərlərini mənimsəmək və erməni xalqına məxsus olması barədə məlumatlar yaymaqla dünya ictimaiyyətini çaşdırır.

"Sarı gəlin", "Süsən sünbül" kimi xalq mahnıları, "Yallı", "Vağzalı", "Uzundərə", "Mirzəyi", "Köçəri" kimi Azərbaycan xalq rəqsləri, Üzeyir Hacıbəyov, Qara Qarayev, Fikrət Əmirov kimi Azərbaycan bəstəkarlarının əsərləri, habelə qədim Azərbaycan musiqi alətləri - tar, balaban, zurna da ermənilərin mənimsəmə siyasətinə məruz qalıb.

Məqalənin sonunda Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri Mehriban Əliyevadan sitat gətirilir: "Bizim ən böyük sərvətimiz mədəni irsimizdir - qədim xalçaçılıq sənəti, məktəbi, nadir miniatürlərimiz, ədəbiyyatımız, poeziyamız, musiqimiz, rəqslərimiz, təsviri sənətimiz, Azərbaycan memarlıq abidələri".

Məqalələrin tam versiyası ilə http://www.silkway.uz/newsmore/6438 saytında tanış olmaq mümkündür.

Qeyd edək ki, məqalə Azərbaycanın Özbəkistandakı səfirliyinin nəzdindəki Heydər Əliyev adına Mədəniyyət Mərkəzinin təşəbbüsü və dəstəyi ilə dərc olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti