...

Binəqədi rayonunda 20 Yanvar şəhidlərinin xatirəsi anılıb (FOTO)

Cəmiyyət Materials 20 Yanvar 2015 12:41 (UTC +04:00)

Azərbaycan, Bakı, 20 yanvar /Trend/

Binəqədi rayon İcra Hakimiyyətinin inzibati binasında Binəqədi rayon İcra Hakimiyyəti başçısı Xaləddin İsgəndərov 20 Yanvar əlilləri və şəhid ailələri ilə görüşüb.

İcra Hakimiyyətindən Trend-ə verilən məlumata görə, səmimi mühitdə keçən görüşdə icra başçısı bütün xalqımızın 20 Yanvar şəhidləri ilə qürur duyduğunu bildirib.

Şəhid ailələrinin problemləri ilə maraqlanan icra başçısı bu problemlərin nəzarətdə saxlanılacağını qeyd edib. Daha sonra "20 Yanvar Cəmiyyəti" Binəqədi rayon şöbəsinin sədri Ağarza Xankişiyev çıxış edərək, 20 Yanvar əlilləri və şəhid ailələrinə göstərilən dövlət qayğısından danışıb, bu qayğıya görə ölkə rəhbərliyinə və onun tapşırıqlarını layiqincə yerinə yetirən Binəqədi rayon İcra Hakimiyyəti başçısına minnətdarlığını bildirib.

Görüşdən sonra rayonun Biləcəri qəsəbəsində "Güllə Yağışı" abidəsinin önündə 20 Yanvar faciəsinin 25-ci ildönümünə həsr olunmuş anım mərasimi keçirilib.

Tədbirdə rayon İcra Hakimiyyəti rəhbərliyi, Aparatın şöbə müdirləri, rayonun hüquq-mühafizə orqanları və icra strukturlarının rəhbərləri, rayon sakini olan 20 Yanvar əlilləri və şəhid ailələrinin üzvləri, fəal gənclər və rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər. Biləcəri qəsəbəsində 20 Yanvar şəhidlərinin xatirəsinə ucaldılmış "Güllə Yağışı" abidəsinin önünə gül dəstələrinin qoyulması ilə başlayan anım mərasimində faciə qurbanlarının xatirəsi bir dəqiqəlik sükut yad edilib.

20 Yanvar faciəsi barədə məlumat verilərək, Azərbaycan xalqının istiqlal mübarizəsi tarixində 20 Yanvar şəhidlərinin öz qanları ilə yazdıqları şərəfli səhifədən bəhs olunub.

Tədbirdə Binəqədi rayon İcra Hakimiyyətinin başçısının birinci müavini İlqar Süleymanov çıxış edərək hadisəni Azərbaycan xalqının tarixinə yazılmış şanlı səhifə kimi səciyyələndirib, SSRİ rəhbərliyinin dinc, əliyalın insanlara qarşı qırğın törətdiyini, zorakılıq üzərində qurulmuş bir imperiyanın Azərbaycan xalqının əzmkarlığı və iradəsi qarşısında mənəvi cəhətdən gücsüz olduğunu vurğulayıb: "Həmin dövrdə Azərbaycana rəhbərlik edənlərin səriştəsizliyi, siyasi səbatsızlığı ucbatından hər hansı qiymət verilməyən hadisə məhz ümummilli lider Heydər Əliyevin çağırışı, xalqın səsinə səs verməsi sayəsində dünya ictimaiyyətinə çatdırıldı. Ulu öndər onu gözləyən bütün təhlükələrə, həyatına ola biləcək təhdidlərə rəğmən, əsl vətəndaşlıq nümunəsi göstərərək ağır günündə öz xalqının yanında oldu, onun səsinə səs verdi, Sovet İttifaqının dinc insanlara qarşı törətdiyi qırğını bütün çılpaqlığı ilə ifşa etdi".

İ.Süleymanov həmçinin vurğulayıb ki, 20 Yanvar faciəsini törətməklə xalqın iradəsini sındırmağa çalışan qüvvələr öz məqsədlərinə nail ola bilmədilər. Əksinə, ölkəmizin hərtərəfli tərəqqiyə çatdığını və bu gün də möhtərəm Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin azad, suveren dövlət kimi inkişafın və uğurun yüksək zirvəsində olduğunu xüsusi vurğulayıb.

Sonra "20 Yanvar Cəmiyyəti" Binəqədi rayon şöbəsinin sədri A.Xankişiyev, 20 Yanvar şəhidi Fərizə Allahverdiyevanın anası Bağda Nəbiyeva, 20 Yanvar şəhidi Ülvi Bünyadzadənin bacısı Könül Bünyadzadə çıxış ediblər.

Daha sonra tədbir bədii qiraət ustalarının ifasında istiqlal mübarizəsi tariximizə qəhrəmanlıq salnaməsi kimi daxil olmuş 20 Yanvar hadisəsini tərənnüm edən şeirlərin oxunması ilə davam edib. Anım mərasimi tədbir iştirakçıları və rayon ictimaiyyətinin "Güllə Yağışı" abidəsinin önünə gül dəstələri qoyması və şəhidlərin ruhuna öz ehtiramlarını bildirmələri ilə yekunlaşıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti