Azərbaycan, Bakı, 26 fevral /Trend/
Fevral ayının 25-də Binəqədi rayonunda "Xocalıya ədalət!" beynəlxalq təbliğat-təşviqat kampaniyası çərçivəsində "Erməni yalanına işıq sal" devizi ilə yürüş keçirilmişdir.
Binəqədri Rayon İcra Hakimiyyətindən Trend-ə verilən məlumata görə, 1000 nəfərədək sakinin iştirak etdiyi yürüş Azərbaycanın istiqlalı uğrunda həyatlarını fəda edən 20 Yanvar şəhidlərinin xatirəsinə Biləcəri qəsəbəsində ucaldılmış "Güllə Yağışı" abidəsinin önündən başlamış, Milli Qəhrəmanlar abidəsinədək davam etmişdir. Yürüşdə rayonun fəal gəncləri, ziyalıları, ümumilikdə rayon ictimaiyyəti ilə yanaşı, Binəqədi Rayon İcra Hakimiyyətində təcrübə keçən "Asan könüllüləri" də iştirak etmişdir. Rayon gəncləri Xocalıda soyqırıma məruz qalaraq dünyasını dəyişən həmvətənlərimizin adları və soyadlarının həkk olundugu lövhələri öz üzərilərində yürüş boyu daşıyaraq unutmayacaqlarına simvolizə etmişlər.
Tədbir Biləcəri qəsəbəsində Milli Qəhrəmanların xatirəsinə ucaldılmış abidənin önündə kompozisiyanın səsləndirilməsi ilə davam etmişdir. Kompozisiyada Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın rəhbərliyi ilə başladılmış "Xocalıya ədalət!" beynəlxalq təbliğat-təşviqat kampaniyası çərçivəsində hazırlanmış çarx səsləndirilmişdir. Daha sonra yürüş iştirakçıları hazırladığı Qətnaməni oxunmuş, Qətnamədə binəqədili gənclər bütün Azərbaycan gəncliyini "Xocalıya ədalət!" beynəlxalq təbliğat-təşviqat kampaniyasının ətrafında sıx birləşməyə çağırmış və bu kampaniyanın işığında bütün dünyaya səslənərək əsrin faciəsi kimi tarixə düşən Xocalı soyqırımı həqiqətlərinin beynəlxalq aləmdə tanıdılması işində həmrəylik nümayiş etdirməyi bir insanlıq borcu olduğu vurğulamışlar. Sonda yalnız Xocalıda deyil, ümumilikdə torpaqlarımızın azadlığı uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsinə dualar oxunmuşdur.
Anım mərasimi gec saatlaradək sakinlərin Milli Qəhrəmanlar abidəsini ziyarət etməsi və abidənin önünə şamların düzülməsi ilə yekunlaşmışdır.