Bakı. Trend:
Müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, xalqımızın ümummilli lideri Heydər Əliyevin anadan olmasının 93-cü ildönümü münasibətilə paytaxtın Binəqədi rayonunda ümumrayon iməciliyi keçirilib.
Ulu öndərin doğum günü münasibətilə hər il ənənəvi olaraq təşkil olunan Gül bayramı bu dəfə də maraqlı və yaddaqalan olub. Gül bayramı ilə əlaqədar mayın 7-dən başlayaraq rayonun bütün park, bağ və xiyabanlarında idarə, müəssisə və təşkilatların kollektivləri, bələdiyyələr və ictimaiyyət nümayəndələrinin iştirakı ilə iməciliklər təşkil olunub. Aksiyalar zamanı rayon ərazisində abadlıq və yaşıllaşdırma işləri aparılıb, 50 mindən çox gül və bəzək kolları əkilib. Mövzu və kompozisiya baxımından ildən-ilə zənginləşən Gül bayramında təbii güllər və çiçəklərdən müxtəlif növ kompozisiyalar hazırlanıb. Eyni zamanda müxtəlif gülləri və çiçəkləri ifadə edən, al-əlvan geyimlərdəki körpələrin aksiyalarda iştirakı rayon sakinlərində xoş ovqat yaradıb.
10 may tarixində Binəqədi rayonunda ümummilli lider Heydər Əliyevin anadan olmasının 93-cü ildönümü münasibətilə genişmiqyaslı ağacəkmə aksiyası keçirilib. Binəqədi rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Xocasən qəsəbəsində yerləşən Bakı Atıcılıq Mərkəzinin ətrafında ekoloji tarazlığın qorunması məqsədilə keçirilən aksiyaya İcra Hakimiyyəti Aparatı, YAP rayon təşkilatı, eləcə də bütün idarə, müəssisə və təşkilatların kollektivləri cəlb olunub. Binəqədi rayon İcra Hakimiyyətinin başçısı Xaləddin İsgəndərovun da iştirak etdiyi tədbirdə 1500-dən çox Eldar şamı və digər yerli iqliməuyğun ağac tingləri əkilib.
Aksiya zamanı ərazidəki yaşıllıq sahələrində təmizlik işləri aparılıb, yeni əkilən ağaclar suvarılıb və onlara aqrotexniki qaydada qulluq göstərilib. Əkilən ağacların inkişafı üçün, həmçinin onların küləkdən qorunması və mühafizəsi məqsədilə zəruri tədbirlər görülüb. Qeyd olunub ki, ümummilli lider Heydər Əliyevin anadan olmasının 93-cü ildönümü münasibətilə təşkil olunan ağacəkmə aksiyasında əsas məqsəd ulu öndərin hər zaman xüsusi önəm verdiyi yaşıllıqları daha da genişləndirmək, ekoloji tarazlığı bərpa etmək, insanlar arasında ekoloji mədəniyyəti və təbiətə qayğı hissini təbliğ etməkdir.