...

BƏƏ mediası Naxçıvandakı Heydər Əliyev Muzeyindən yazdı (FOTO)

Cəmiyyət Materials 2 Noyabr 2016 17:35 (UTC +04:00)
BƏƏ mediası Naxçıvandakı Heydər Əliyev Muzeyindən yazdı.
BƏƏ mediası Naxçıvandakı Heydər Əliyev Muzeyindən yazdı (FOTO)

Bakı. Trend:

Birləşmiş Ərəb Əmirliklərində (BƏƏ) tanınmış “əl-Fəcr” qəzetinin baş redaktoru Şərif əl-Bəsilin Azərbaycan haqqında silsilə məqalələri çərçivəsində cari ilin 2 noyabrında “Böyük işləri böyük şəxsiyyətlər yaradırlar. Heydər Əliyev Muzeyi. Naxçıvanda Azərbaycan adında Vətənin işıqlı xatirəsi” sərlövhəli məqaləsi qəzetin çap və elektron nüsxələrində işıq üzü görüb.

Azərbaycanın BƏƏ-dəki səfirliyindən Trend-ə verilən məlumata görə, qəzetin bir səhifəsi tamamilə məqaləyə həsr edilib.

Məqaləsinin müqəddiməsində əl-Bəsil qeyd edib:

“Fenomenal insan. Nailiyyətləri dağlar boydadır. Zirvə onun yanına gəlməyib. Məhz özü zirvəni fəth edib. Öz səyləri və yorulmaz fəaliyyəti ilə davamlı və sərhəd tanımayan uğurlara imza atmaqla şan-şöhrət qazanıb, yüksək postlar tutub. Əziz Vətəni və ölkəsinin gələcəyi naminə öz əzmkarlıq, israr və hərtərəfli düşüncəsinin məhsulu olan prioritet və hədəfləri qarşısına qoyub və yerinə yetirib. Xalqı onun quruculuq və inkişafdakı önəmli roluna inanırdı. O insan - Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevdir. Ulu öndər prezidentliyi dönəmində Vətənin inkişafı və xalqa xidmət amacını daşıyan ali missiyanı həyata keçirib. Azərbaycan xalqı ümumən və Naxçıvan əhalisi xüsusən dövlətin qurucusu olan Ulu Öndər Heydər Əliyevlə fəxr etmək və xatirəsini yüksək tutmaq haqqına malikdir. Çünki Heydər Əliyev Azərbaycanın müstəqilliyini irəliyə aparıb, bütün dünyanın gözü önündə ölkəsinə unikal inkişaf intibahı yaşatdırıb. Əziz xatirəsi torpağın hər qarışında əbədiləşdirilib, xalqın qəlbində yaşayır. Ulu öndərin Vətəni naminə fəaliyyətinin əbədiləşdirilməsi məqsədilə doğulduğu Naxçıvanda adını daşıyan Muzey təsis edilib”.

Baş redaktor muzeyin məzmununa keçməzdən öncə oxucularla Heydər Əliyevin həyatı və fəaliyyəti barədə məlumatları bölüşüb. Diqqətə çatdırıb ki, uşaqlıqdan incəsənətə meyil göstərsə də,o zaman bu sahədə ixtisaslaşmış təhsil ocaqlarının yoxluğu ulu öndəri Azərbaycan Sənaye İnstitutunun (indiki Azərbaycan Dövlət Neft və Sənaye Universiteti) memarlıq fakültəsinə üz tutmağa vadar edir. Təhsilini başa vurduqdan sonra Heydər Əliyev II Dünya müharibəsinin getdiyini nəzərə alaraq, SSRİ-nin dövlət təhlükəsizlik orqanlarının sıralarına qoşulmağı qərara alır və sonrakı dövrlərdə bu sahədə ali vəzifələrdə çalışır. Sovet İttifaqı dövründə Azərbaycana rəhbərliyi əsnasında aparılan geniş tikinti-quruculuq işləri zamanı memarlıq sahəsində əldə etdiyi biliklərə arxalanaraq, memarlara öz tövsiyələrini verir. Ümummilli Lider Heydər Əliyev SSRİ dönəmində ali postlardan biri hesab edilən SSRİ Nazirlər Soveti sədrinin birinci müavini vəzifəsini icra edən yeganə müsəlman idi.

Ardınca Heydər Əliyevin adına Muzeydən söhbət açan əl-Bəsil bu mədəniyyət ocağının 1999-cu ildə yaradıldığını oxucuların nəzərinə çatdıraraq, onun ölkənin qurucusu Ulu Öndər Heydər Əliyevin irsini özündə ehtiva etdiyini, ümummilli liderin orada bütünlüklə Azərbaycana, xüsusən də Naxçıvana rəhbərlik etdiyi intibah dövrünə aid məlumat və şəkillərin ziyarətçilərin ixtiyarına verildiyini qeyd edib, məhz Heydər Əliyevin hakimiyyəti illərində ölkədə hökumət müəssisələrinin yenidən qurulduğunu qabardıb.

Məqalənin müəllifi muzeyin həyətində ulu öndərin həyatından, fəaliyyətindən və ölkəsinin müstəqilliyi uğrunda səylərindən bəhs edən 585 mənbəni özündə cəmləşdirən kitabxananın yerləşdiyini bildirərək, orada ələlxüsus Şərq dövlətləri ilə əlaqələrin strategiyasını, o cümlədən İslam dövlətlərinin rəhbərləri ilə görüşləri əks etdirən 48 cildlik ensiklopediyanın, habelə xarici siyasəti haqqında 46 cildlik külliyyatının mövcud olduğu barədə oxuculara məlumat verib.

Muzeydə Ümummilli Lider Heydər Əliyevin ordu quruculuğu və digər sahələrdə gördüyü işləri əks etdirən sənədli filmlərin olduğunu diqqətə çəkən əl-Bəsil orada eyni zamanda Heydər Əliyevin öz xətti ilə yazdığı, Vətəninə sevgisini ifadə edən sənədin yer aldığını qeyd edərək, orada Azərbaycanın müstəqilliyə qovuşacağına hər zaman inanan ulu öndərin Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri qismində ordu quruculuğu, iqtisadiyyat və digər sahələrdə qəbul etdiyi mühüm qərarlar toplusunun nümayiş etdirildiyini bildirib. Həmçinin Ulu Öndər Heydər Əliyevin dünya liderləri ilə görüşlərini əks etdirən fotoşəkillərin, o cümlədən diplomlarının, qazandığı medal və ordenlərin, eləcə də 1930-cu ildə çəkilmiş, 2000-ci ildə isə xalçanın üzərində toxunmuş ailəvi fotoşəklinin və 75 illik yubileyi münasibətilə xalça üzərində toxunmuş, SSRİ dövlət təhlükəsizlik orqanlarının geyimində çəkilmiş fotoşəklinin də muzeydə sərgiləndiyi nəzərə çatdırılıb.

Yekunda baş redaktor Vətəninə böyük məhəbbətinin dahi şəxsiyyət Heydər Əliyevə xalqının hədsiz sevgisini qazandırdığını vurğulayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti