Azərbaycan, Bakı, 10 avqust / Trend , müxbir V.Javoronkova /
Latviya Prezidenti Valdis Zatlersin Azərbaycana avqustun 9-dan başlayan səfəri Azərbaycan və Latviya arasında turizm əlaqələrini genişləndirəcək, bazar ertəsi Bakıda Azərbaycan-Latviya biznes forumu çərçivəsində turizm üzrə dəyirmi masada iştirak edən Latviyanın Ticarət Sənaye Palatasının idarə heyətinin üzvü Yurqis Abele bildirib.
"Məqsədimiz iki ölkə arasında turist mübadiləsidir. İstəyirik ki, latışlar Azərbaycana gəlsin, eyni zamanda azərbaycanlı turistləri Latviyaya dəvət edirik", - Abele bildirib.
Hazırda Latviyadan Azərbaycana və ya əksinə, təxminən eyni sayda turist səfər edir.
"Bu göstərici təxminən min turist təşkil edir, lakin düşünürəm ki, Latviya Prezidentinin Azərbaycana səfərindən sonra bu rəqəm artacaq. Azərbaycana hər il xeyli sayda iş adamı gəlir, buna görə də turistlərin statistikasını dəqiq göstərmək çətindir", - Abele bildirib.
Onun sözlərinə əsasən, bununla yanaşı qlobal maliyyə böhranı da turizm xidmətlərinin qiymətlərində azalmaya səbəb olub və hazırda Latviyaya səfər etmək çox ucuz başa gəlir. Turistlər eyni xidməti daha ucuz qiymətə əldə edir.
"Azərbaycanın Latviyadakı səfirliyinin bizim turoperatorlar ilə birlikdə işləməsi də vacibdir. Bu, insanların informasiya ilə təmin edilməsi üçün lazımdır. Düşünürəm ki, Prezidentin səfəri turizm əlaqələrinin inkişafına əhəmiyyətli dərəcədə fayda verəcək", - Abele bildirib.
Bakıda keçirilən biznes forumda iştirak edən SPARE Travel Agancy şirkətinin idarə heyətinin üzvü İvonna Kezbere ölkədəki yeni turizm şirkətləri ilə görüşlərin keçirilməsi planları haqqında məlumat verib.
"Artıq təxminən beş ildir ki, biz Azərbaycanın turizm şirkətləri ilə işləyirik. Hazırda yeni turizm şirkətləri ilə görüşüm var və düşünürəm ki, turistlərin sayı artacaq", - Kezbere bildirib.
Onun fikrincə, qlobal maliyyə böhranı Latviya turistlərinin daha az səyahət etməsində özünü göstərir. Lakin azərbaycanlı turistlərin hazırda Latviyaya səfər etməsi sərfəlidir.
Tədbirin təşkilatçıları Azərbaycanın İqtisadi İnkişaf Nazirliyi, Azərbaycanın İxrac və İnvestisiyaların Təşviqi Fondu və Latviyanın Azərbaycandakı səfirliyidir.
Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]