...

ATƏT-in Minsk qrupunun rusiyalı həmsədri növbəti il vəzifəsini tərk etmək niyyətindədir

Ermənistan-Azərbaycan münaqişəsi Materials 24 Dekabr 2009 15:44 (UTC +04:00)
Dağlıq Qarabağ münaqişəsi üzrə ATƏT-in Minsk qrupunun rusiyalı həmsədri Yuri Merzlyakov növbəti il postunu tərk etməyi nəzərdə tutur.
ATƏT-in Minsk qrupunun rusiyalı həmsədri növbəti il vəzifəsini tərk etmək niyyətindədir

Azərbaycan, Bakı, 24 dekabr / Trend , müxbir E.Tariverdiyeva/

Dağlıq Qarabağ münaqişəsi üzrə ATƏT-in Minsk qrupunun rusiyalı həmsədri Yuri Merzlyakov növbəti il postunu tərk etməyi nəzərdə tutur.

"Ötən ildən demişdim ki, yaxın vaxtlarda Minsk qrupunun həmsədri postunu tərk edəcəyimə əminəm, gördüyünüz kimi, 2009-cu ilin sonuna kimi bu baş vermədi", - rusiyalı həmsədr Yuri Merzlyakov Moskvadan telefon vasitəsilə Trend -a deyib.

Merzlyakovun sözlərinə görə, onun Minsk qrupundan getməsi yaxın vaxtlarda baş verməlidir.

"Fikirləşirəm ki, bu yaxın vaxtlarda baş verəcək. hesab edirəm ki, bu artıq növbəti ildə baş verəcək", - o deyib.

2009-cu ilin iyulunda Trend -la söhbəti zamanı Merzlyakov cari ildə həmsədrlik postundan gedəcəyi barədə əminliyini ifadə etmişdi.

"Mən hazırlaşıram və əminəm ki, ATƏT-in Minsk qrupunda rusiyalı həmsədr qismində xidmətimin yeddinci ilində postu tərk etməyim faydalı olacaq, - Merzlyakov deyib. - Fikirləşirəm ki, bu, cari ildə baş verəcək".

Yuri Merzlyakov 2003-cü ilin sentyabr ayından Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına dair ATƏT-in Minsk qrupunun rusiyalı həmsədri vəzifəsində çalışır. O, səfir Nikolay Qribkovu əvəz edib.

Merzlyakov RF-nin Qazaxıstanda, həmçinin bir sıra Afrika ölkələrində fövqəlaqə və səlahiyyətli səfiri olub. SSRİ və RF XİN-in mərkəzi aparatında müxtəlif vəzifələrdə çalışıb.

İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının iyirmi faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik yeddi rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır. 1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır.

BMT Baş Assambleyasının Dağlıq Qarabağın və işğal olunmuş ərazilərin azad edilməsinə dair qəbul etdiyi dörd qətnaməni Ermənistan bu günə qədər yerinə yetirməyib.

Xəbər lenti

Xəbər lenti