...

Azərbaycanda müəllim işləmək istəyənlər sertifikatlaşdırmadan keçməli olacaqlar

Cəmiyyət Materials 19 Noyabr 2012 09:35 (UTC +04:00)
Azərbaycanın orta məktəblərində müəllim işləyənlərin sertifikatlaşdırılma prosesindən keçirilməsi nəzərdə tutulur. Bunu Trend-ə Təhsil Nazirliyinin strateji təhlil, planlaşdırma və kadrların idarəolunması şöbəsinin müdiri Fərzəli Qədirov deyib
Azərbaycanda müəllim işləmək istəyənlər sertifikatlaşdırmadan keçməli olacaqlar

Azərbaycan, Bakı, 19 noyabr /Trend, müxbir İ.İsabalayeva/

Azərbaycanın orta məktəblərində müəllim işləyənlərin sertifikatlaşdırılma prosesindən keçirilməsi nəzərdə tutulur. Bunu Trend-ə Təhsil Nazirliyinin strateji təhlil, planlaşdırma və kadrların idarəolunması şöbəsinin müdiri Fərzəli Qədirov deyib.

O bildirib ki, müəllimlərin işə qəbulu üçün müsabiqələr keçirməklə orta məktəblərə yaxşı müəllimlərin işə götürülməsi təmin edilib.

"Biz bu işi etmişik. Ancaq hazırda işləyən müəllimlərin problemləri qalıb. Buna görə də müəllimin xüsusi bir prosedurdan keçməsi üçün bir mexanizm yaratmaq istəyirik",-nazirlik rəsmisi əlavə edib.

O deyib ki, müəllim sertifikatlaşdırmadan keçdikdən sonra onun nəticələrini özündə əks etdirən sənəd alarlar. Əgər müəllim nəzərdə tutulan yüksək nəticəni əldə edərsə, onda o, əmək fəaliyyətini davam etdirər və əmək haqqına əlavələr edilər.

Belə bir təcrübənin dünya ölkələrində tətbiq olunduğunu deyən nazirlik rəsmisinin sözlərinə görə, Gürcüstanda sertifikatlaşdırmadan keçən müəllimlə keçməyən müəllimin əmək haqqı arasında 500 dollar fərq olur. Bu isə müəllimlər üçün cox böyük stimuldur.

Qədirov deyib ki, əvəvlcə bu proseduru könüllü etmək olar. Yəni hansı müəllim sertifikatlaşrımadan keçsə, onun əməkhaqqısına müəyyən artımlar etmək olar.

"Tutaq ki, 3-5 il bunu könüllü etmək olar. Bundan sonra ortaya artıq məcburi mexanizmlər qoymaq olar. Müəllim işləmək istəyən ya sertifikatlaşdırmadan kecib məktəbdə işləməli, ya da işləməməlidir",-Qədirov deyib.

O əlavə edib ki, bu prosesi mərhələli şəkildə də həyata keçirmək olar.

Qədirovun sözlərinə görə, hazırda Azərbaycanda belə bir proseduru həyata keçirə bilən başqa bir qurum yoxdur. Ona görə də TN özü bu prosesə başlamaq və onu həyata keçirmək istəyir. Ancaq gələcəkdə bu prosedurun müstəqil təşkilat tərəfindən aparılması da mümkün ola bilər.

"Biz düşünürük ki, bu işə başlamaq lazımdır. Gələcəkdə bunun hansı qurum ərəfindən həyata keçirilməsi isə müəyyənləşə bilər",-Qədirov deyib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti