...

Təhsil Nazirliyinin sektor müdiri: Müəllimlərin əmək haqqlarının ödənilməsi görəcəyi işdən asılı olacaq (MÜSAHİBƏ)

Cəmiyyət Materials 11 Dekabr 2013 17:53 (UTC +04:00)
Müasir dövrdə təhsilin keyfiyyətinə və əhatəliliyinə qoyulan yeni tələblər təhsil sistemi anlayışına olan baxışları da yeniləmişdir.
Təhsil Nazirliyinin sektor müdiri: Müəllimlərin əmək haqqlarının ödənilməsi görəcəyi işdən asılı olacaq  (MÜSAHİBƏ)

Azərbaycan, Bakı, 11 dekabr /Trend /

Müasir dövrdə təhsilin keyfiyyətinə və əhatəliliyinə qoyulan yeni tələblər təhsil sistemi anlayışına olan baxışları da yeniləmişdir. Bu sahədə mühüm sənəd olan və ölkə Prezidentinin sərəncamı ilə təsdiq olunan "Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası" təhsil sahəsi üzrə ictimaiyyəti düşündürən məsələlərin həlli istiqamətində atılacaq addımları özündə ehtiva edir. Peşəkar bilik və bacarıqlara yiyələnən, rəqabətədavamlı insan qaynaqlarının yetişdirilməsi missiyasına xidmət edən bu sənəddən irəli gələrək Təhsil Nazirliyi ümumtəhsil məktəblərində həyata keçiriləcək islahatların əsas prioritetlərini müəyyənləşdirib. Həmin prioritetlər barədə ətraflı məlumat almaq üçün nazirliyin Təhsilin statistikası və keyfiyyətin qiymətləndirilməsi şöbəsinin Təhsilin keyfiyyətinin qiymətləndirilməsi sektorunun müdiri Emin Əmrullayevə müraciət etdik.

E.Əmrullayev Trend-ə ümumtəhsil məktəblərində təhsilin keyfiyyətinin yüksəldilməsi üçün idarəetmənin müasir tələblər səviyyəsində təmin edilməsindən, məktəblərdə sağlam və səmərəli təhsil mühitinin yaradılmasından və digər vacib məsələlərdən danışıb.

- Emin müəllim, Təhsil Nazirliyi artıq məktəb rəhbərləri üçün təlimlərə başlamaq üçün addımlar atır. Məktəb rəhbərlərinin səmərəli fəaliyyətini təmin etmək məqsədilə onlar üçün peşə standartları əsasında təlimlərin keçirilməsi dedikdə, nəyi düşünə bilərik?

- Biz bu məsələyə yenə də keyfiyyət standartları baxımından baxmalıyıq. Məktəb direktorlarından da idarəetmə sahəsində müəyyən bilik, bacarıq tələb olunur. Təhsil Nazirliyi tərəfindən məktəb direktoru peşəsinə uyğun standartların hazırlanması yolu ilə məktəb direktorlarının gələcəkdə eynilə müəllimlərlə iş istiqamətində olduğu kimi, müəyyən bir qiymətləndirmədən keçirilməsi və bu işin ilkin olaraq könüllü qaydada aparılması planlaşdırlır. Hazırda bu standartlar hazırlanır. Nazirlik tərəfindən direktor təyin edilən şəxsin bir sıra zəruri şəxsi keyfiyyətlərə və təhsil prosesinin təşkili ilə bağlı zəruri bilik və bacarıqlara. malik olması vacibdir. Kurikulum, qiymətləndirmə, keyfiyyətə nəzarət mexanizmləri ilə bağlı məlumatlılıq, valideynlərlə işin aparılması, məktəb icmasının məktəbə cəlb olunması sahəsində bilik və bacarıqlar, qərar qəbul etmə, hesabatvermə, düzgün və şəffaf maliyyə idarəetmə bacarığının olması, məktəbin əsas fəaliyyət göstəriciləri ilə bağlı sadə də olsa, müəyyən statistik məlumatların toplanması və təhlilinin aparılması, onların digər qurumlarla bölüşülməsi müasir dövrdə Təhsil Nazirliyinin məktəb direktorlarından gözlədiyi keyfiyyətlərdir. Bu keyfiyyətlər üzrə mövcud məktəb direktorları, həmçinin gələcəkdə direktor olmaq istəyən şəxslər nazirlik tərəfindən təşkil olunan təlimlərdə iştirak edə bilərlər.

Bu tədris ilinin sonunda təlimlərdən keçmiş kifayət qədər şəxslərin mövcud olmasını gözləyirik. Məqsəd təhsilin keyfiyyətinin, məktəb direktorlarının idarəetmə səriştəliliyini artırmaq, onları məktəblərdə nazirlik üçün prioritet olan hədəflərə çatmaqda əsas menecerlərə çevirmək və ümumilikdə, məktəb idarəetməsinin səriştəli, bilikli kadrlar tərəfindən həyata keçirilməsinə nail olmaqdan ibarətdir.

- Nazirliyin keçirəcəyi bu təlimlərdə iştirak üçün müraciətlər varmı?

- Bəli, var. Artıq gözlənildiyi kimi, kifayət qədər insanlar təlimlərə maraq göstərirlər. Bu günədək təlimlərdə iştirak üçün 200-ə qədər şəxs müraciət edib. Nəzərə alsaq ki, hələ son müraciət tarixinə bir neçə gün qalıb, biz 300-400 civarında namizədin müraciət etməsini gözləyirik. Təlimdə iştirak üçün cəmi 50 yer olmasını nəzərə alaraq, seçim prosesinin rəqabətli olmasını gözləyirik.

Bu prosesdə 3 mərhələli seçim mexanizmi tətbiq ediləcək. I mərhələdə namizədlər müəyyən müraciət formasını dolduraraq Təhsil Nazirliyinə müraciət edirlər. Daha sonra layihənin əsas icraçısı olan Qafqaz Universiteti, həm də nazirliyin cəlb etdiyi ekspertlər tərəfindən seçim aparılır. Bu mərhələdə daha çox diqqət minimum tələblərə, 5 il pedaqoji təcrübəyə malik olmağa, ali pedaqoji təhsilə fikir verilir.

II mərhələdə biz maksimum 150-200 nəfər namizəd üçün imtahanın keçirilməsini nəzərdə tuturuq. Bu imtahan iki hissədən ibarət olacaq - yazı və məntiq. İmtahanda rəhbər şəxs olacaq namizədin yazı savadı yoxlanılır, bu şəxsin öz fikir və düşüncələrini yazılı şəkildə ifadə etməsi, yuxarı qurumlara çatdırma bacarığı çox önəmlidir. Həmçinin, yazı əllə yox, birbaşa kompüterlə yazılmalıdır ki, artıq bununla biz namizədin ilkin İKT bacarığına malik olduğunu da yoxlayırıq.

Seçim imtahanının 2-ci hissəsində idarəetmədə tətbiq olunan müxtəlif məntiq, sadə riyazi təfəkkür, qərar vermək üçün zəruri olan düşüncə tərzini yoxlayan testdən istifadə ediləcək. Minimumları toplayan hər bir şəxs növbəti mərhələyə keçir. Ən önəmli olan III mərhələdə müsahibə zamanı həm I, həm də II mərhələdə iştirak etmiş namizədin təcrübəsi, biliyi, qısa zaman ərzində problemi həll etmə qabiliyyəti, insanlarla ünsiyyət qurma bacarığı yoxlanılır. Bundan sonra ən yüksək nəticə göstərmiş 50 nəfər təlimlərə cəlb olunacaqdır.

- Keyfiyyət sertifikatı almış məktəb direktorlarının əmək haqqına əlavələrin edilməsi barədə nə deyə bilərsiniz?

- Bu, çox sadə məsələdir. Yəni, kim ki, sonda qiymətləndirmədə səriştəli direktor adını ala bilirsə, onların əmək haqqında diferensasiya müşahidə olunmalıdır. Ümumiyyətlə, yanaşma budur ki, fərqi yoxdur, müəllim, direktor, əgər insan keyfiyyətli iş görürsə, bu halda onun əmək haqqı digərlərindən fərqli olmalıdır. Əlavələrin verilməsinin məhz bu yanaşma əsasında reallaşması təklifi nəzərdən keçirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti