...

Boksçumuz Tayfur Əliyev Avropa Oyunlarında 1/4 finala yüksəldi

Baku 2015 : EUROGAMES Materials 19 İyun 2015 15:24 (UTC +04:00)
Boksçumuz Tayfur Əliyev Avropa Oyunlarında qələbə qazanaraq növbəti mərhələyə vəsiqə əldə edib.
Boksçumuz Tayfur Əliyev Avropa Oyunlarında 1/4 finala yüksəldi

Azərbaycan, Bakı, 19 iyun /Trend, müxbir İlkin İzzət/

Boksçumuz Tayfur Əliyev Avropa Oyunlarında qələbə qazanaraq növbəti mərhələyə vəsiqə əldə edib.

Trend xəbər verir ki, bu gün Avropa Oyunlarında kişi boksçuların yarışında Azərbaycan təmsilçilərindən rinqə ilk olaraq T.Əliyev çıxıb. Azərbaycanı yarımyüngül çəkidə (56 kq) təmsil edən Tayfurun 1/8 finaldakı rəqibi Rumıniya boksçusu Nikolae Andreiana olub.

Daha çox kəşfiyyat xarakteri daşıyan ilk raundu Tayfur öz hesabına başa vurub -10:9. İkinci raundda rəqibinə daha çox zərbələr endirən boksçumuz yenə də hesabla üstün tərəf olub -10:9.

Gərgin keçən sonuncu - üçüncü raundda üstünlüyünü əldən verməyən (10:9) boksçumuz yekunda qalib gələrək (3:0) 1/4 finala vəsiqə qazanıb.

Xatırladaq ki, bu gün Tayfurdan qabaq boks yarışlarında qadın təmsilçimiz Anaxanım Ağayeva rinqə çıxıb. 1/8 finalda yüngülvari (48-51 kq) çəkidə Polşa boksçusu Sandra Drabiklə üz-üzə gələn idmançımız döyüşdən məğlub ayrılıb.

Qeyd edək ki, bu gün Avropa Oyunlarında daha 3 boksçumuz rinqə çıxacaq. Azərbaycanı boks yarışlarında orta çəkidə (69-75 kq) təmsil edən qadın boksçumuz Leyla Cavadova 1/8 finalda Rusiya idmançısı Yarolava Yakuşina ilə qarşılaşacaq. Görüş Bakı vaxtı ilə saat 19:00-da başlayacaq.

Rinqə çıxacaq növbəti kişi boksçumuz Azərbaycanı yarımağır çəkidə (81 kq) təmsil edən Teymur Məmmədovdir. Olimpiya, dünya və Avropa çempionatlarının mükafatçısı Teymur Məmmədovun 1/8 finaldakı rəqibi Polşa idmançısı Yordan Kulinski olacaq. Döyüş Bakı vaxtı ilə saat 21:15-də başlayacaq.

Ondan dərhal sonra, saat 21:45-də rinqə Azərbaycanı superağır çəkidə (+91 kq) Olimpya Oyunlarının bürünc mükafatçısı, dünya çempionu Məhəmmədrəsul Məcidov çıxacaq. Onun rəqibi Gürcüstan boksçusu Mixeil Baxtidze olacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti