...

Tayfur Əliyev: "Tamaşaçıların səsini eşidəndə içimdən rəqibi döymək gəldi"

Baku 2015 : EUROGAMES Materials 19 İyun 2015 16:04 (UTC +04:00)
Mən döyüşün 3-cü raundunda sanki birdən ayıldım. Tamaşaçıların dəstəyini, “Tayfur” qışqırmasını eşitdim, daha da qürurlandım.
Tayfur Əliyev: "Tamaşaçıların səsini eşidəndə içimdən rəqibi döymək gəldi"

Azərbaycan, Bakı, 19 iyun /Trend, müxbir İlkin İzzət/

"Mən döyüşün 3-cü raundunda sanki birdən ayıldım. Tamaşaçıların dəstəyini, "Tayfur" qışqırmasını eşitdim, daha da qürurlandım. Tamaşaçıların səsini eşidəndə içimdən rəqibi döymək gəldi. Əlbəttə ki, finala kimi tamaşaçıların bundan da yaxşı dəstəyini gözləyirəm".

Trend xəbər verir ki, bunu bu gün Avropa Oyunlarında kişi boksçuların yarışında yarımyüngül çəkidə (56 kq) Rumıniya boksçusu Nikolae Andreiananı məğlub edərək 1/4 finala vəsiqə qazanan Azərbaycan təmsilçisi Tayfur Əliyev deyib.

Apreldə Bakıda keçirilən "Böyük İpək Yolu" turnirində qızıl medal qazanan T.Əliyev paytaxtımızda ilk Avropa Oyunlarında da uğurunu təkrar etmək niyyətindədir: "Əvvəlcədən bildirmişəm ki, bu yarışa qızıl medal qazanmaq üçün qatılmışam. Məqsədim budur. İndi inanıram ki, məqsədimə çata bilərəm. Ümumilikdə, əsas hədəfim hələ ki, bu yarışda çempion olmaq, daha sonra dünya çempionatında uğurla çıxış edib 2016-cı il olimpiadasına lisenziya qazanmaqdır".

Rumın boksçu ilə döyüşdə qaşının partlaması nəticəsində zədə alan boksçumuzun sözlərinə görə, bu zədə o qədər də ciddi deyil: "Həkim yoxladı və məlum oldu ki, ciddi bir şey yoxdur".

T.Əliyev rəqibinin görüşü idarə edən hakimlərin rəyindən narazı qalmasına da münasibət bildirib: "Rəqib gördü ki, qaşım açılıb. Yəqin ki, buna görə etirzaz edib. Çünki hər idmançı qarşısındakının bir yerində zədə görəndə fikirləşir ki, o, rəqibi üzərində qələbə qazanıb".

Gənc boksçumuz qeyd edib ki, əgər Avropa Oyunlarında qızıl medal qazansa, bu onun üçün Olimpiya medalından da üstün olacaq, buradakı uğuru ona Rio-de-Janeyro olimpiadasına çıxmaq üçün təcrübə qazandıracaq.

Onun fikrincə, Azərbaycanın boks üzrə yığma komandası Avropa Oyunlarında bütün qızıl medalları qazanmaq gücündədir: "Avropa Oyunlarında 10 medal da qazansaq, inanın ki, mənim üçün azdır. Azərbaycanın bütün idman komandaları güclüdür. Amma istərdim ki, boks komandamız onların içində ən güclü olduğunu təsdiqləsin. İstərdim ki, 10 qızıl medalın hamısını qazanaq. Komandamızın bütün üzvlərinin hamısından, əsasən də komandanın aparıcı üzvlərindən medal gözləyirəm. Bilirəm ki, hamısı çox güclüdür. Məmmədrəsul Məcidovdan isə ümumiyyətlə yalnız qızıl medal gözləyirik. Biz də onlara baxıb nümunə götürürük".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti