...

Xanlar Fətiyev: Azərbaycanda su idmanı növlərinin inkişaf etdirilməsi istiqamətində mühüm işlər görülür

Baku 2015 : EUROGAMES Materials 24 İyun 2015 11:43 (UTC +04:00)
Azərbaycan tarixdə ilk dəfə təşkil olunan birinci Avropa Oyunlarına uğurla ev sahibliyi edir. İdmanın iyirmi növü üzrə 6 mindən artıq atletin qatıldığı mötəbər yarış təkcə qitənin deyil, bütün dünyanın diqqət mərkəzindədir.
Xanlar Fətiyev: Azərbaycanda su idmanı növlərinin inkişaf etdirilməsi istiqamətində mühüm işlər görülür

Azərbaycan, Bakı, 24 iyun /Trend/

Azərbaycan tarixdə ilk dəfə təşkil olunan birinci Avropa Oyunlarına uğurla ev sahibliyi edir. İdmanın iyirmi növü üzrə 6 mindən artıq atletin qatıldığı mötəbər yarış təkcə qitənin deyil, bütün dünyanın diqqət mərkəzindədir.

Azərbaycan Üzgüçülük Federasiyasının prezidenti Xanlar Fətiyev "Bakı-2015"-in ölkəmiz üçün əhəmiyyəti ilə bağlı sualları cavablandırıb.

- Ölkəmizdə üzgüçülüyün inkişafı və hazırkı durumu ilə bağlı nə deyə bilərsiniz?

- Bilirsiniz ki, mən federasiyaya 2012-ci ildən rəhbərlik etməyə başlamışam. Təyinatım reallaşandan sonra əsas vəzifə kimi qarşımda su idmanı növlərinin Azərbaycanda populyarlaşması, federasiyanın tabeliyində olan su polosu, sinxron üzgüçülük, suya tullanma və üzgüçülük üzrə komandaların yaradılması, onların formalaşdırılması, bəzi hallarda yenidən, sıfırdan qurulması dururdu. İşə bu istiqamətlərdə başladıq və komandaların yaradılmasını, onları lazım olan texniki avadanlıq və idman ləvazımatları ilə təmin olunmasını həyata keçirdik. Birinci Avropa Oyunlarının Azərbaycanda keçirilməsi, bu yarışların proqramına üzgüçülük idmanının bütün növlərinin salınması məsuliyyətimizi qat-qat artırırdı. Qısa müddətdə milli komandaları təşkil etmək, onları belə mötəbər yarışa hazırlamaq məşqçilərimizin qarşısında qoyulan əsas vəzifə idi. Az bir müddətdə federasiyamız tərəfindən ölkəmizdə xeyli sayda beynəlxalq turnirlər və birinciliklər təşkil etdik. Regionlarda marağı artırmaq məqsədilə bir neçə dəfə Xaçmazda, Şirvanda, Mingəçevirdə böyük yarışlarla hamının diqqətini su idmanı növlərinə yönəltməyə çalışmışıq. Belə yarışlar arasında ümummilli lider Heydər Əliyevin anadan olmasının 92-ci ildönümü münasibətilə təşkil olunan beynəlxalq turnirləri xüsusi qeyd etmək istəyirəm. Həm üzgüçülük, həm də su polosu üzrə keçirilən bu turnirlərə dünyada da böyük maraq göstərilir. Beynəlxalq Üzgüçülük (FINA) və Beynəlxalq Su Polosu federasiyalarının (LEN) təqvim planına uyğun keçirilən yarışlarda Azərbaycan yığması ilə yanaşı, Avropanın güclü komandalarından sayılan Macarıstan, İtaliya, Rusiya, Türkiyə, Yunanıstan, Gürcüstan və Qazaxıstan yığmaları da iştirak edib. Təbii ki, bu qarşılaşmalar və yarışlar bizim yeni yaranan gənc komandalarımız üçün beynəlxalq təcrübə idi. Bundan başqa, bu beynəlxalq qurumların xətti ilə keçirilən demək olar ki, bütün yarışlara millimiz də qatılıb. Qısa müddətdə çalışmışıq ki, idmançılarımızda oyun və yarış təcrübələrini maksimum artıraq.

- İdmançılarımızın ilk Avropa Oyunlarına hazırlığı sizi qane edirmi? Bu yarışlarda qarşıya qoyulan hədəflər nələrdir?

- Birinci Avropa Oyunlarında Azərbaycan Üzgüçülük Federasiyasının nəzdində olan bütün növlərdə komandalarımız güclərini sınayır. Qısa müddətdə komplektləşmiş komandalarımızdan təbii ki, biz yüksək nəticələr gözləyirik. Lakin onu da nəzərə almaq lazımdır ki, bu idmançıların əksəriyyəti gənclərdir və bu idman növləri Avropa ölkələrində həddindən artıq inkişaf edib. İdmançılarımıza yaxşı hazırlaşmaları üçün lazım olan bütün şərait yaradılıb. Onlara və bütün Azərbaycan idmançılarına uğurlar arzulayıram.

- Birinci Avropa Oyunlarında mübarizə aparacaq atletlərimizin rəqibləri haqqında nə deyə bilərsiniz?

- Mən qeyd etdim ki, su idman növləri Avropada çox inkişaf edib. Məsələn, Macarıstan su polosunun akademiyası hesab olunur. Onlar Olimpiya çempionlarıdırlar. Bundan başqa, dünya çempionu İtaliya, Avropa birincisi Yunanıstan, Avropa üçüncüsü Rusiya, güclü heyətə malik Almaniya, Rumıniya, Ukrayna milliləri mübarizə aparır. Bundan başqa, su idmanının digər növlərində də bu ölkələrin təmsilçiləri dəfələrlə Avropa və dünya çempionları olublar. Hesab edirəm ki, qarşılaşmalar çox gərgin və maraqlıdır.

- Azərbaycan Üzgüçülük Federasiyasının gələcək planları və qarşıdan gələn turnirlər barədə nə deyə bilərsiniz?

- Hazırda bütün diqqətimizi birinci Avropa Oyunlarına yönəltmişik. Bütün federasiya, məşqçilər korpusu və idmançılar olaraq yalnız ölkəmizdə keçirilən bu vacib yarışda qələbə qazanmaq haqqında düşünürük. Rəqiblərimiz nə qədər peşəkar və təcrübəli olsalar da, Azərbaycan idmançıları da öz güclərini ortaya qoymağa, onlarla bərabər səviyyədə yarışmağa çalışırlar. Oyunlar başa çatdıqdan sonra yəqin ki, idmançılarımıza istirahət verəcəyik. Yay tətili başa çatdıqdan sonra isə gələcək planları müzakirə edəcəyik. Amma ümumilikdə onu deyə bilərəm ki, Azərbaycan Üzgüçülük Federasiyası ölkəmizdə su idmanı növlərinin inkişafı istiqamətində işləri bundan sonra da davam etdirəcək. Ölkəmizin müxtəlif bölgələrində tikilən müasir Olimpiya komplekslərində olan üzgüçülük hovuzlarına gənclərin marağını artırmaq məqsədilə bir sıra tədbirlər planı hazırlamışıq.

Bu gün dövlətimizin başçısı İlham Əliyevin diqqət və qayğısı sayəsində idmanın bütün sahələri durmadan inkişaf edir. Bu sırada su idmanı növləri də var. Yeni tikilən komplekslər və idman qurğuları isə gələcəkdə böyük potensialı olan güclü idmançılar yetişdirməyə şərait yaradır. Bu il istifadəyə verilən və beynəlxalq standartlara cavab verən Bakı Su İdmanı Sarayı birinci Avropa Oyunlarında idmançıların istifadəsinə verilib. Burada çıxış edən bütün idmançılar və məşqçi heyəti, o cümlədən LEN və FINA kimi beynəlxalq qurumların nümayəndələri bu arenada yaradılan şəraiti yüksək qiymətləndirirlər. Təbii ki, belə şərait yaradıldıqdan sonra Azərbaycanda da digər Avropa ölkələrində olduğu kimi, peşəkar və güclü idmançıların yetişdirilməsi asan olacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti