...

Boksçumuz Avropa Oyunlarının bürünc medalı ilə kifayətləndi

Baku 2015 : EUROGAMES Materials 24 İyun 2015 19:55 (UTC +04:00)
Azərbaycan boksçusu Tayfur Əliyev Avropa Oyunlarının boks yarışlarının bürünc medalını qazanıb.
Boksçumuz Avropa Oyunlarının bürünc medalı ilə kifayətləndi

Azərbaycan, Bakı, 24 iyun /Trend, müxbir İlkin İzzət/

Azərbaycan boksçusu Tayfur Əliyev Avropa Oyunlarının boks yarışlarının bürünc medalını qazanıb.

Trend xəbər verir ki, bu gün Bakı-2015 birinci Avropa Oyunlarında boks yarışlarında mübarizə aparan idmançılar arasında yarımfinal görüşləri keçirilir.

Kristal Zalda baş tutan yarışlarda Azərbaycan təmsilçilərindən yarımfinal döyüşünə ilk olaraq yarım-yüngül çəkidəki (56 kq) bokçumuz T.Əliyev çıxıb. O, rinqdə Rusiya təmsilçisi Baxtovar Nazirov ilə münasibətlərə aydınlıq gətirib.

Görüşün ilk raundunda Tayfur rəqibi ilə bərabər səviyyədə döyüşsə də, hakimlər üstünlüyü Rusiya boksçusuna veriblər. İkinci raundda da daha çox zərbə endirən tərəf təmsilçimiz olduğu halda, hakimlər yenə raundu cüzi fərqlə Rusiya idmançısının aktivinə yazıblar. Boksçumuz həlledici, üçüncü raundda da rəqibinin başına ardıcıl zərbələr endirib və raundu öz xeyrinə başa vurub. Lakin hakimlərin məntiqsiz rəyi nəticəsində T.Əliyev məğlub elan edilib. Beləliklə, o, Avropa Oyunlarında mübarizəni yarımfinalda dayandırmalı və yalnız bürünc medalla kifayətlənməli olub.

Xatırladaq ki, bu gün rinqə daha bir təmsilçimiz çıxaraq finala vəsiqə uğrunda mübazirə aparacaq. Yarım-ağır çəkidəki (81 kq) boksçumuz, dünya və Avropa çempionatlarının mükafatçısı Teymur Məmmədov finala vəsiqə əldə etmək üçün saat 20:15-də Rusiya idmançısı Pavel Silyaginlə üz-üzə gələcək.

Qeyd edək ki, sonrakı günlərdə Azərbaycan yığma komandasının daha 8 üzvü Avropa Oyunlarının boks yarışlarının yarımfinalında döyüşə çıxacaqlar. Qadın boksçularımızdan Yana Alekseyevna (57-60 kq) və Anna Əlimərdanova (51-54 kq), kişi təmsilçilərimizdən isə Xaybula Musalov (75 kq), Kollazo Sotomayor (64 kq), Albert Səlimov (60 kq), Pərviz Bağırov (56 kq), Abdulkadır Abdullayev (91 kq) və Elvin Məmişzadə (52 kq) finala vəsiqə əldə etmək üçün mübarizəni davam etdirirlər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti