...

"Cavidnamə" kitabının təqdimat mərasimi keçiriləcək

Mədəniyyət Materials 22 Dekabr 2010 13:36 (UTC +04:00)
Dekabrın 24-də Hüseyn Cavid mükafatı laureatı, fəlsəfə doktoru Azər Turanın yenicə çapdan çıxmış "Cavidnamə" kitabının təqdimat mərasimi keçiriləcək.
"Cavidnamə" kitabının təqdimat mərasimi keçiriləcək

Azərbaycan, Bakı, 22 dekabr /Trend/

Dekabrın 24-də Hüseyn Cavid mükafatı laureatı, fəlsəfə doktoru Azər Turanın yenicə çapdan çıxmış "Cavidnamə" kitabının təqdimat mərasimi keçiriləcək.

Kitabda Hüseyn Cavidin ömür yolu, xüsusən onun İstanbulda yaşadığı dövr sistemli şəkildə tədqiq olunur, eləcə də yaradıcılığının ədəbi-fəlsəfi, tarixi, məfkurəvi, irfani, dini və elmi qaynaqları araşdırılır.

"Cavidnamə"nin elmi redaktorları akademiklər Bəkir Nəbiyev, İsa Həbibbəyli və Türkiyənin Ege Universitetinin professoru Yavuz Akpınar, elmi məsləhətçisi millət vəkili, siyasi elmlər üzrə fəlsəfə doktoru Qənirə Paşayevadır.

"Cavidnamə"də Cavid yaradıcılığının və şəxsiyyətinin milli-siyasi mahiyyəti ilk dəfə yeni istiqamətdə təhlil edilir.

Yeni elmi-tarixi faktların zənginliyi ilə diqqəti cəlb edən kitab canlı ünsiyyətdən yaranan yaddaş materialları ilə də zəngindir. Azər Turan Cavidin bioqrafiyasını dahi sənətkarın son yadigarı Turan Cavidin bugünəcən oxucuya məlum olmayan xatirə söhbətlərinin işığında təqdim edir.

Kitabda Mişkinaz, Ərtoğrul və Turan Cavidlər, Cavidin qardaşı Şeyx Məhəmməd, qardaşı oğlu Tahir Rasizadə haqqında da ayrıca bölmələr var.

"Cavidnamə" Azər Turanın cavidşünaslıq sahəsində nəşr etdirdiyi ilk kitab deyil. Bundan əvvəl müəllifin "Hüsni-xuda şairi", "Əbədi Turan", "Cavid əfəndi", "Hüseyn Cavid", "Turan Cavidin son söhbəti, son yaşantıları, son günü", "Tahir Rasizadə" kitabları çap olunub. Ərtoğrul Cavidin bütün əsərlərini, Mişkinaz Cavidin "Cavid haqqında xatirimdə qalanlar" memuarını da ilk dəfə Azər Turan hazırlayaraq nəşr etdirib, onun ssenarisi əsasında Caviddən bəhs edən "Səma şairi" sənədli filmi çəkilib.

Xəbər lenti

Xəbər lenti