...

Röya Ayxan internet istifadəçilərinə qarşı elan etdiyi müharibənin detallarını açıqladı (FOTO)

Mədəniyyət Materials 17 Yanvar 2011 15:45 (UTC +04:00)
Röya Ayxan internet istifadəçilərinə qarşı elan etdiyi müharibənin detallarını açıqladı
Röya Ayxan internet istifadəçilərinə qarşı elan etdiyi müharibənin detallarını açıqladı (FOTO)

Azərbaycan, Bakı, 17 yanvar /Trend, müxbir Ş.Cavadsoy/

Populyar Azərbaycan estrada müğənnisi Röya Ayxanın adından ötən həftə KİV-ə ünvanlanmış qadağalı bəyanat hələ də şou-biznesdən yazan media mənsublarının ayırd edə bilmədiyi mövzulardandır. Məlumatı olmayan oxuculara bildirək ki, bundan belə müğənni hansısa internet səhifəsində, əyləncə saytlarında özünə aid yazı, şəkil, iqtibas və xəbərlərin getməsini istəmir. Bu səbəblə də o, Azərbaycan internet məkanında fəaliyyət göstərən bütün saytlara özü barədə bu və ya digər formada materialların çap olması ilə bağlıl jurnalistlərə sərt xəbərdalıq etmişdi. Yalnız bir istisna var ki, bu da Röyanın mətbuat xidmətinin bilavasitə imzası ilə gedən xəbərlər hesab olunacaq. Xəbərdarlığı nəzərə almayıb qadağanı pozan hər bir şəxs, KİV nümayəndəsi və ya resurs məsuliyyətə cəlb olunacaq. Trend-ə açıqlama verən Röya Ayxan səs-küyə səbəb olan bu bəyanatının təfərrüatlarından danışdı:

- Mən bilirdim ki, dediyim bu sözlər asanlıqla qəbul edilməyəcək. Amma bu addımı atmağa məcbur idim. Baxın, sadə misal göstərəcəyəm. Trend saytında haqqımda məlumat yayımlanır, eksklüziv fotolar yerləşdirilir. Üstündən heç bir-iki saat keçməmiş başqa saytlar bu xəbəri götütür, mətnə necə istəyir əlavələr edir, öz səhifəsində fotolarla birgə yayımlayır. Əvvəllər bu kimi hallara göz yumurdum. Görəndə ki, həmin məlumat həm də forumlarda müzakirəyə çıxarılır və oradakı bəzi istifadəçilər ağıllarına gətirdikləri ən mundar ifadələri mənə və əzizlərimə ünvanlamaqdan çəkinmirlər, artıq buna dözə bilmədim. Və şəxsi vəkilimlə danışdım, adekvat tədbirlər görməyə başladıq. Bu bəyanat ilk addım idi. Və əminəm ki, bir müddət keçəndən sonra jurnalistlər haradasa məni başa düşəcək, haqq qazandıracaqlar. Açıq deyəcəyəm, əsas məqsədim bəzi yuzerlərə dərs verməkdən ibarətdir. Şərəf və ləyaqətimə ünvanlanmış təhqiredici şərhlər yazdıqlarına görə, bəzi istifadəçilər haqqında qanun çərçivəsində ölçü götürülməsinə də səy göstərəcəyəm. Bunu söz xatirinə demirəm. Qoy hamı bilsin! Sənətdə olduğum müddət ərzində heç kimə icazə verməyəcəm ki, haqqımda ağzına gələni yazıb və danışsın. Mən məni sevənlər üçün yaşayıb-yaradıram. Onların sevgisidir məni zirvəyə ucaldan. Bədxahlarıma isə aciz adamlar kimi baxıram. Onlar gücsüz və zəifdirlər. Əsas odur ki, Allahım məni qoruyur və murdar niyyətli insanların əhatəsindən çox uzağam..

Xəbər lenti

Xəbər lenti