...

Şou-biznes olmasa, həyat çətin şəkildə davam edər - prodüser Kemal Cenk İçten (VİDEO)

Mədəniyyət Materials 14 Mart 2011 17:29 (UTC +04:00)
Şou-biznes olmasa, həyat çətin şəkildə davam edər - prodüser Kemal Cenk İçten
Şou-biznes olmasa, həyat çətin şəkildə davam edər - prodüser Kemal Cenk İçten (VİDEO)

Azərbaycan, Bakı, 14 mart /Trend, müxbir Ş.Cavadsoy/

14 mart tarixində uzun illərdir Azərbaycanda ən reytinqli televiziya verilişlərini hazırlayan türk prodüseri, Azərbaycana çox bağlı olan Kemal Cenk İçten özünün növbəti doğum gününü qeyd edir. Daim təmtəraqdan, özünüreklamdan uzaq gəzən Cenk bəyi ad günündə Trend BİA-nın studiyasında qonaq edib, onunla Azərbaycan şou-biznesinin səviyyəsi, eləcə də pordüser necə olmalıdır mövzusu ilə bağlı söhbət etdik. Bircə ad günündən danışmadıq. Bu da qonağımızın kifayət qədər təvazökar olmasından irəli gəlir. Ümidvarıq ki, təqdim etdiyim həm yazılı, həm də videodan ibarət olan müsahibə Siz oxucularımızın diqqətinə səbəb olacaq.

- Cenk bəy, söhbətimiz Azərbaycan şou-biznesinin hazırkı durumu ilə bağlı olacaq. Amma söhbətimizə başlamımışdan əvvəl istərdik ki, sizin öz dilinizdən ilk sualımıza - Kemal Cenk İçten kimdir sualına cavab alaq. Baxmayaraq ki, şou-biznes nümayəndələri, oxucularımız və televiziya tamaşaçıları arasında sizi bu vaxta qədər reallaşdırdığınız televiziya layihələrinin ideya müəllfi kimi tanıyanların sayı yetərincədir, amma yenə kiçik də olsa təqdimatınızla başlayaq söhbətimizə.

- Əslində Kemal Cenk İçten kimdir sualının bir cavabı var. Yenilikçi, radikal, yüksək adrenalinə sahib olan, macəranı sevən və ən başlıcası, yeniliklər etməyə daim hazır olan bir insandır. Bu il inşallah Azərbaycanda fəaliyyət göstərməyimin 14 ili tamam olacaq. Əvvəllər 1997-ci ildən 2002-ci ilə qədər yayda Türkiyəyə qayıdırdım, qış ayında isə Bakıya gəlirdim. Amma 2002-ci ildən ailəliklə Azərbaycana köçdük, burdayıq. Və Türkiyəyə artıq istirahət etmək üçün və ya bəzi işləri gerçəkləşdirmək üçün gedib-gəlirəm. Dediyim kimi, bu illər ərzində həm Azərbaycan şou-biznesində, həm də televiziya sahəsində müxtəlif layihələr ərsəyə gətirməyə başladım. Və indi də bu yolda addımlayıram. Gördüyümüz işlərin nəticəsində tamaşaçı marağına səbəb olan televiziya proqramlarını uğurla davam etdiririk. Beləcə tanındım. Amma mənim üçün tanınmaqdan daha vacibi gördüyüm işlərlə istedadlı gənclərin üzə çıxarılması, bununla kifayətlənməyib, onları yaradıcılıq yolunda doğru istiqamətə yönləndirmək, xalqa tanıtmaqdır. Bu işdə nə dərəcədə bacarıqlı olduğumu tamaşaçılardan başqa kimsə deyə bilməz. Addımladığımız yolda səhvlərimiz, bəzi çatışmazlıqlarımız da ola bilər. Amma ümidvaram ki, görülən işlərlə hədəfimizin doğru olduğunu göstərə bilirik. Bu vaxta qədər bir çox telekanallarda bir-birindən fərqli layihələrlə tamaşaçıların görüşünə gəlmişik. Bu sırada "Azəri Star" mahnı müsabiqəsinin ilk buraxılışlarını, "Nar Star", "Pop Star", "Kim nə bacarır...", "Arıqlamaq istəyirəm", "Yay festivalları", müxtəlif maqazin proqramları, günün müxtəlif vaxtlarında səhər və axşam verilişləri, "Sehirli çıraq" tele-şousu hazırlamışıq. "Space TV"də yayımlanan layihələrimizin sırasına yaxın ərəfədə "Bermud üçbucağı" adlı yeni tok-şou da qoşulacaq. Aprel ayında isə Azərbaycanla bağlı yeni tele-layihəmizi təqdim edəcəyik. Çox böyük marağa səbəb olacağına əminəm.

- Prodüser olmaq arzusunda olan insanda hansı keyfiyyətlər olmalıdır?

- İlk növbədə dünyagörüşün geniş olması şərtdir. İkincisi, davamlı axtarışda olmaq, oxuyub öyrənmək lazımdır. İnanın, mən hər gün işimdən sonra qalan boş vaxtımda bir-iki film izləyirəm. Bununla yanaşı, xarici şou-bizneslə bağlı məlumatları öyrənməkdən ötrü internet saytlarındakı xəbərləri, telekanalların proqramlarını izləyirəm. Əgər evimə getsəniz, görərsiniz ki, iki-üç peyk antenləri var və oradan yayımlanan telekanalların əsas proqramlarını seyr edirəm. Ofisimdə də həmçinin. Yəni mümkün olduğu qədər KİV-dən faydalanmağa çalışıram. Azərbaycanda baş verənlərə gəldikdə isə hər gün xəbər saytlarını izləyirəm. Əgər rus dilində yayımlanan agentliyin xəbərlərini, məsələn Trend Life-ı oxumaq istəyirəmsə, yanımdakı insanlardan rica edirəm ki, ən vacib məlumatları tərcümə etsinlər. Rus dilində bilmədiyim üçün demək olar ki, hər dəfə bu təkrarlanır. Saytınızın Azərbaycan dilində yayımlanan xəbərlərinə də biganə qalmıram. Sözüm ondadır ki, prodüser olmaq istəyən şəxs mütləq yüksək maraq dairəsinə sahib olmalıdır. Yaxşı prodüser üçün öyrəndiklərini daha yaxşı bir şəkildə həyata keçirmək, haradasa fantaziyaları ilə də bəzəyib gerçəkləşdirmək çox vacibdir.

- Azərbaycana ilk gəlişinizdə yerli şou-binzes dediyimiz məhfum elə də formalaşmamışdı. Yeni-yeni başlayırdı hər şey. Avropa ölkələrindən örnək götürdüyümüz bəzi məqamlar olsa da, qardaş Türkiyədə, xüsusilə də İstanbulda geniş şəkildə vüsət alan şou-biznesi deməzdim ki, bütünlüklə təkrarladıq, amma özümüzünküləşdirməyə başladıq. Bu məsələ ilə bağlı sizin fikirləriniz necədir? Gəldiyimiz qənaətlə razısınızmı?

- Təbii ki, razıyam. "Türkiyə şou-biznesindən nələrsə götürüldü" deməzdim, məncə hər şey o təcrübə üzərində quruldu. Bəzən deyirlər ki, Azərbaycanda şou-biznes yoxdur. Mən bu deyimlə razı deyiləm. Şou-biznes olmasa, həyat çətin şəkildə davam edər. Nə üçün? Cavabı sadədir. Çəkilən filmlər, televiziya proqramları, teatr səhnəsində gerçəkləşən tamaşalar, əyləncə məkanları bu sahədən qaynaqlanır. Bu səbədən birmənalı olaraq demək olar ki, Azərbaycanda şou-biznes var. Olduğu müddətdə də bunu daha yaxşı səviyyədə inkişaf etdirmək lazımdır. Bu sırada təkcə müğənnilərin adını çəkmək düzgün olmaz. Aktyorundan tutmuş rejissoruna qədər, assistentindən adi texniki işçisinə kimi hər kəs bu arenadadır. Bu sahədə çalışan insanların gördüyü işlər bağlılıq təşkil edir. Müğənnilərin şou-biznesdəki mövqeyinin necə olmasına gəldikdə isə, türklərdə məşhur bir atalar sözünü demək istəyirəm. Şou-biznes, xüsusilə də televiziyanın gücü sənətçini vəzir də edər, rəzil də. Təcrübə göstərir ki, bu sözləri artıq Azərbaycan şou-biznesinə də aid etmək olar. Bunlar varsa, demək, şou-biznes mövcuddur.

- Cenk bəy, sizi müğənnilərlə işləyən prodüser də adlandırmaq olar?

- Yox. Bu vaxta qədər gördüyüm işlərin hamısı televiziya proqramları ilə bağlı oldu. Lakin çox təkliflər gəldi tanınmış müğənnilərdən də, gənc ifaçılardan da. Telekanallarda əsasən müasir musiqi verilişləri, mahnı müsabiqələrini təşkil edən prodüser olduğum üçün müğənnilərlə tez-tez təmasda oluram. Məqsədim musiqi yarışmalarından tanınan gənclərə dəstək olmaqdır. İşimin mütəxəssisi kimi belə bir niyyətim olmayıb ki, hansısa müğənni ilə fəaliyyət göstərim. Məncə bundan sonra da bu niyyətdə olmayacağam. Çünki bilik və bacarığımı bütünlüklə televiziya sahəsinə həsr etmişəm.

- Fikirlərinizlə tanış olduqca, məndə tamam başqa təəssürat oyanır. Sizi tanıyanlardan biri kimi deyə bilərəm ki, Azərbaycan müğənnilərinin əksəriyyəti Cenk bəyi özünə yaxşı dost, yaxın insan bilir. İllərdən bəri apardığım müşahidələrə əsaslanıb deyə bilərəm ki, siz şou-biznesdə düzgün proqnoz verən yeganə prodüsersiniz. Bu arada artıq neçə ildir birgə çalışdığınız Hamdı bəyin də adını vurğulamağı unutmuram. Açıq sözümdür, əgər hansısa müğənni ən kiçik layihəsindən tutmuş, möhtəşəm konsert ideyasını gerçəkləşdirmək fikrinə düşürsə, birinci məsləhət aldığı insan siz olursunuz. Sirr nədədir?

- Elə böyük sirr görmürəm. Çünki Azərbaycan şou-biznesində tanıyıb-tanımamağımdan asılı olmayaraq, bu sahədə fəaliyyət göstərən hər kəsi ailəmin bir üzvü kimi qəbul edirəm. Heç kimlə düşmənçiliyim yoxdur. İnsanların fikirlərini paylaşmağı çox sevirəm. Bacardığım qədər kömək üçün müraciət edən sənətçilərə həm mənəvi, həm də maddi cəhətdən yardım etməyə çalışıram. Mobil telefonumun yaddaşındakı nömrələrə baxsanız, görərsiniz ki, orada saysız-hesabsız müğənni nömrələri var. Kim mənə zəng edirsə, artıq adət halını alıb, özüm üçün qeyd edirəm. Mənə bir daha zəng etdiyində səmimi münasibət görən həmin şəxs çox qürurlanır. Həyat prinsipim, rəhbər tutduğum şüar - heç nəyin pulla həll olunmamasıdır.

- Bildiyim qədər ixtisasınız turizm sektoru ilə bağlıdır. Və uzun müddət bu sahədə fəaliyyət göstərmisiniz. Sevdiyiniz musiqi janrı isə rokdur. Hətta roker kimi qrupda da çalışmısınız. Ümumiyyətlə, şəxsi həyatınız haqqında danışmaqda nə dərəcədə maraqlısınız?

- Şəxsi həyatımdan danışmaqdan çəkinmirəm. Ancaq hər şeyi öz çərçivəsində sevirəm. İstanbulda ilk təhsilimə texniki liseydə motor mütəxəssisi kimi yiyələndim. Daha sonra İstanbul Universitetində alman dili ixtisası üzrə təhsilimi davam etdirdim. Bu arada qeyd edim ki, Almaniyada anadan olmuşam. Və mükəmməl şəkildə alman dilində danışıram. Universiteti bitirdikdən sonra peşəkar futbolla məşğul olmağa başladım. Və o zaman oyunçusu olduğum futbol klubunun tərkibindən Türkiyənin istirahət mərkəzlərindən biri hesab olunan Marmarisdəki futbol komandasına transfer oldum. Futbolu tərk edəndən sonra turizm sektoru diqqətimi çəkdi. Və çox keçmədi ki, bu sahədə də özümü sınadım. Və haradasa 10 il ərzində turizm şirkətlərinin birində tur-operator vəzifəsini icra etdim. Musiqiyə gəldikdə isə, indi də bu istəyimdən vaz keçmirəm. Bəli, tələbəlik illərində dostlarımla birgə qrup yaratmışdıq. Əsasən rok üslublu mahnılar yer alırdı repertuarımızda. Çox təəssüf ki, artıq müəyyən yaş keçəndən sonra səhnə ilə vidalaşmaq məcburiyyətində qaldım. Amma xüsusi olaraq vurğulamaq istəyirəm ki, indi gördüyüm işdən razıyam.

- Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində prodüser ixtisası üzrə kadrlar yetişdirilir. Bəs sizin fikrinizcə, yerli şou-biznesin inkişafı naminə Azərbaycanda özəl prodüser məktəblərinin yaradılmasına ehtiyac varmı?

- Məncə var. Dünyanın hansı ölkəsinə getsəniz görəcəksiniz ki, univertsitet təhsili ilə yanaşı, təcrübə qazanmaqdan ötrü işinin incə detallarını bilmək üçün insanlar özəl müəssisələrdə peşəkarlardan nələrsə öyrənməyə çalışırlar. Özümdən deyəcəyəm, əgər mən ali təhsilimdəki ixtisası davam etdirəcəkdimsə, gərək alman dili müəllimi olardım. Ali təhsil vacibdir. Azərbaycanda prodüser dedikdə, ağla gələn ilk şey müğənninin yanında olan şəxsdir. Həmin insan nə edir? Əsasən prodüseri olduğu sənətçinin qatılacağı toyları, təbdirlərin vaxtını müəyyən edir, pulla bağlı işlərini həll edir. Bəli, bunu bilmək üçün ali təhsil o qədər də şərt deyil. Amma prodüser bu demək deyil. O, bir istehsalçıdır. Kəşfetmə istedadına malik şəxsdir. Məncə yeni nəsil arasında bu kimi prodüserlər formalaşacaq.

- Siz həm də insansevər xüsusiyyətinizlə digər həmkarlarınızdan seçilirsiniz. Martın ilk günlərində incəsənətə çox ağır itki üz verdi. Əməkdar artist, Azərbaycan Dövlət Musiqili Komediya Teatrının, eləcə də "Parni iz Baku" KVN Teatrının aktyoru Elçin Həmidov faciəli bir şəkildə dünyasını dəyişdi. Şahidi oldum ki, çox üzüldünüz bu hadisəyə...

- Bildiyiniz kimi, rəhmətlik Elçin xeyli vaxt idi ərsəyə gətirdiyimiz "Kim nə bacarır..." televiziya şousunda münsifər heyətində təmsil olunurdu. Çox yaxın əməkdaşlığımız yaranmışdı. Həm də bizim Elçinlə bir başqa layihəmiz də var idi. Türkiyə telekanallarından birində yayımlanan "Komediya dükanı" layihəsini "Space TV"də "Məzə" adı ilə həyata keçirmək niyyətindəyik. Aktyor dostumuz, əməkdar artist Əkbər Əlizadə ilə birlikdə onların duet verilişini çəkməyi planlaşdırırdıq. Hətta bir çəkilişi etdik də. Amma onun qəfil ölüm xəbəri ilə hamımız sarsıldıq. Aktrisa Kübra Əliyevadan onun öldüyünü eşitdikdə, başıma sanki qaynar su töküldü. Dəfn mərasimində iştirak etmək nə qədər ağrılı olsa da, biz artıq Elçini itirməyimizlə barışmalı olduq. Açıq və qısa söyləyəcəyəm ürəyimdən keçən sözləri. Xarici görünüşümə baxıb, insanlar məni çox sərt bir insan kimi zənn edirlər. Bu belə deyil. Azərbaycanda olduğum bu müddət ərzində gözlərimdən ilk dəfə yaş axdı. Bu da Elçin üçün axıdılan göz yaşları oldu. Allah ona rəhmət etsin! Çox böyük sənətkar idi. Yaxşı insanı itirmək çox üzücüdür.

- Cenk bəy, sonda planlaşdırmış olduğunuz layihələrinizdən danışmağınızı istərdik. Deyəsən, yay fəslinə qədər televiziya tamaşaçılarını çoxlu sayda sürprizlər gözləyir...

- Bir neçə yeni layihəmiz var. Amma mən öncədən danışıb vəd verməyi sevən insan deyiləm. Gördüyüm işləri tamamlayıb, sonra danışıram. Oxucularınıza bircə onu deyə bilərəm ki, ekstremal vəziyyətlərlə bağlı maraqlı veriliş hazırlamağı qarşımıza məqsəd qoymuşuq. Yaxın vaxtlarda böyük bir konsert proqramı da düzənləmək niyyətindəyik. Danışıqlar tamamlanmadığı üçün indidən ətraflı danışmaq istəmirəm. Bəli, qoy tamaşaçılar sürprizləri görməkdən ötrü bir az da səbrli olsunlar.

http://www.youtube.com/watch?v=YRjCIAxRS6Q

Get the Flash Player to see this player.
Xəbər lenti

Xəbər lenti